Ölkə.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi də Mbappeyə reaksiya olaraq açıqlama yayıb. Bundan əlavə, iki böyük Çin brendi fransız ulduzu ilə sponsorluğuna son qoyduqlarını açıqlayıb.
Mbappe açıqlama verərək Çin xalqından üzr istəyib.
Madridin “Real” klubunun və Fransa milli komandasının forvardı Kilian Mbappe atıldığı bir televiziya proqramında şəxsinə ünvanlanan "Özünüz haqqında hansı mem (zarafat) sizi ən çox güldürür?" sualına belə cavab vermişdi: "Düşünürəm ki, başımı Çin diktatoruna qoyduqları video idi. Dostlar arasında bundan çox istifadə edirəm".
Bu sözlərdən sonra ekranda Mbappenin üzünün Çinin keçmiş lideri Mao Tzsedunun şəkli ilə fotoşopla düzəldilmiş foto peyda olub.
Daha sonra Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib: "Biz müvafiq xəbəri qeydə aldıq. Çin xalqının hisslərini təhqir edən sözlər və hərəkətlər təbii ki, Çin cəmiyyətinin bütün təbəqələrindən reaksiya ilə qarşılanacaq".
Çinin dövlət qəzeti “The Global Times”ın məlumatına görə, CCTV-nin xəbər proqramlarında artıq fransız hücumçu haqqında məzmun yoxdur.
Qeyd edək ki, Mao Tzsedun 1943-cü ildən 1976-cı ilə qədər Çini sərt rejimlə idarə edib və bütün dünyada diktator kimi qəbul olunub.(musavat.com)






