"Ayaks"ın 17 yaşlı parlaq istedadı Abdellah Ouazane ətrafında gərginlik pik həddə çatıb.
Offsideplus.az xəbər verir ki, kontraktın uzadılması danışıqlarında maliyyə tələbləri səbəbindən böhran yaşanır.
Niderland təmsilçisi gənc futbolçunun 2028-ci ilə qədər olan müqaviləsini daha uzunmüddətli etmək istəsə də, oyunçunun nümayəndələrinin qoyduğu şərtlər klub rəhbərliyini geri addım atmağa məcbur edib.
Ouazanenin təmsilçiləri müqavilənin uzadılması müqabilində mövsümlük 4 - 5 milyon avro civarında maaş tələb edirlər. 17 yaşlı futbolçu üçün bu rəqəm "Ayaks" standartları üçün kifayət qədər yüksək hesab olunur.
Klubun idman direktoru Jordi Kroyf bu tələbləri qarşılamaq mövzusunda tərəddüd edir. Rəhbərlik gənc oyunçuya bu qədər yüksək məbləğ verməklə komandadakı maaş balansının pozulacağından ehtiyatlanır.
Yaşanan bu anlaşılmazlıq Avro-klubların diqqətindən qaçmayıb. "Çelsi", "Mançester Siti", "Real Madrid" və "Yuventus" niderlandlı gəncin durumunu yaxından izləyir və danışıqlar tamamilə pozularsa, rəsmi təkliflə hərəkətə keçməyə hazırlaşırlar.




