Türkiyənin müxtəlif şəhərlərindən Moskvaya uçan 10 sərnişin təyyarəsi marşrutlarını dəyişərək geri qayıdıb.
News24.az xəbər verir ki, buna Moskvanın Vnukovo hava limanında tətbiq edilən müvəqqəti təhlükəsizlik məhdudiyyətləri səbəb olub.
Məlumata görə, təyyarələrin heyətləri Polşa, Litva, Belarus və Pskov vilayəti üzərindən uçarkən geri dönüb. Türkiyəyə qayıdan təyyarələrin yerli hava limanlarına yönləndirilməsi gözlənilir.
Reyslər İstanbul, Antalya, İzmir və Dalaman şəhərlərindən həyata keçirilib. Təyyarələrin İstanbul Beynəlxalq Hava Limanına və ya Sabiha Gökçen Hava Limanına yönləndirilə biləcəyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında uçuş və enişlərə müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlamışdı. Qurum qərarın uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıdığını bildirib.



