Bolqarıstanda prezident və vitse-prezident seçkilərinin nəticələrinə görə, İliyana Yotova və Kiril Valçev cütlüyü liderliyini qoruyur. Mərkəzi Seçki Komissiyasının bazar ertəsi açıqladığı, bülletenlərin 99 faizinin hesablanmasının nəticələrinə əsasən, onlar səslərin 34,69 faizini qazanıblar.
İkinci yerdə Andrey Gyurov və Georgi Kandev cütlüyü qərarlaşıb. Onlar seçicilərin səslərinin 31,98 faizini əldə ediblər.
Seçici fəallığı 50 faizdən aşağı olub. Bu isə o deməkdir ki, noyabrın 1-də Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək.
Həlledici mərhələdə Yotova–Valçev və Gyurov–Kandev cütlükləri mübarizə aparacaqlar.
Yotova Bolqarıstan Sosialist Partiyasını təmsil edir. Gyurov isə bitərəf namizəddir, lakin onun namizədliyini “Dəyişikliyi Davam etdiririk” və “Demokratik Bolqarıstan” adlı mərkəzçi partiyalar dəstəkləyib.
Bolqarıstanda prezident seçkiləri dövlətin əvvəlki başçısı Rumen Radevin yanvar ayında istefa verməsi səbəbindən növbədənkənar keçirilir.
O, bu ilin əvvəlində ölkədə keçirilən parlament seçkilərində iştirak etmək üçün vəzifəsindən ayrılıb. Hazırda Radev baş nazir vəzifəsini tutur.
Radevin istefasından sonra İliyana Yotova Bolqarıstanın müvəqqəti prezidenti vəzifəsini icra edir.



