Şimali Koreya lideri Kim Çen In bölmələrin müharibəyə hazır vəziyyətə gətirilməsi üçün döyüş hazırlığı tədbirlərinin tamamlanmasını istəyib.
News24.az Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, Kim Çen In Koreya Xalq Ordusunun (KPA) bölük komandirlərinin üçüncü toplantısı çərçivəsində keçirilən tədbirdə çıxışında deyib.
O, bildirib ki, bölük komandirlərinin əsas vəzifəsi tabeliklərindəki bölmələri müharibəyə tam hazır vəziyyətə gətirmək üçün döyüş hazırlığı tədbirlərini başa çatdırmaqdır. Kim Çen In bu məqsədə hərbi təlim və manevrlərdə köklü təkmilləşdirmələr aparmaqla nail olmağın mümkünlüyünü vurğulayıb.
Şimali Koreya lideri bölük komandirlərinin silahlı qüvvələrin təməlini daha da möhkəmləndirəcəyini qeyd edib və ordunun gələcəyinin onların töhfələri sayəsində parlaq olduğunu bildirib.
Xatırladaq ki, Şimali və Cənubi Koreya arasında gərginlik sentyabrın 21-də hərbsizləşdirilmiş zonada baş verən piyada əleyhinə mina partlayışından sonra yenidən artıb. Hadisə nəticəsində üç Cənubi Koreya hərbçisi yaralanıb. Seul rəhbərliyi partlayışa görə Pxenyanı günahlandırıb.
Şimali Koreya isə məsuliyyəti rədd edərək, hərbçilərinə atəş açılacağı təqdirdə dərhal və amansız şəkildə cavab verəcəyini bəyan edib.


