MDB-yə üzv ölkələrin müdafiə nazirləri Şurasının iclası Qırğızıstanda keçiriləcək.
Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda iştirakçı ölkələr arasında Ermənistanın adı çəkilməyib.
Rusiyanın müdafiə naziri Andrey Belousov iclasın keçiriləcəyi Çolpon-Ata şəhərinə işgüzar səfər edib.
Rusiya hərbi qurumunun açıqlamasına əsasən, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan nümayəndə heyətlərinin, eləcə də MDB Müdafiə Nazirləri Şurasının Katibliyi təmsilçilərinin iştirakı nəzərdə tutulur.
İclasda Birlik çərçivəsində hərbi əməkdaşlığın inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsi, həmçinin MDB ölkələrinin silahlı qüvvələrinin 2027-ci il üçün birgə tədbirlər planının razılaşdırılması planlaşdırılır.
Görüş çərçivəsində Andrey Belousov iştirakçı ölkələrin hərbi qurum rəhbərləri ilə ikitərəfli danışıqlar da aparacaq. Bundan başqa, Rusiya müdafiə nazirinin Qırğızıstan ərazisində yerləşən Rusiya hərbi obyektlərinə baş çəkməsi nəzərdə tutulur.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, iclas Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən MDB sammitində əldə olunmuş razılaşmaların davamı kimi təşkil edilir.



