Ermənistanın Stepanavan şəhərində 14 nəfər saxlanılaraq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Komitədən bildirilib ki, saxlanılan şəxslərlə bağlı cinayət işi çərçivəsində axtarışlar və digər prosessual tədbirlər həyata keçirilir.
“14 nəfər saxlanılıb. Zərurət yaranarsa, əlavə məlumat veriləcək”, – deyə qurumdan bildirilib.
Oktyabrın 21-də səhər saatlarında Ermənistan parlamentindəki “Güclü Ermənistan” fraksiyasının deputatı Andranik Gevorgyan Stepanavanda partiyanın tərəfdarlarına qarşı genişmiqyaslı axtarışların aparıldığını və saxlanılmaların baş verdiyini açıqlayıb.
Stepanavanda yerli özünüidarəetmə orqanlarına seçkilər oktyabrın 25-də keçiriləcək. Bu şəhər müxalifət partiyasının öz namizədini irəli sürdüyü yeganə icmadır.
Son iki gündə Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşları yerli seçkilər zamanı təzyiq və ya rüşvət paylanması halları barədə şəxsən ona məlumat verməyə çağırıb.
Bundan sonra deputat Andranik Gevorgyan Stepanavandakı müxtəlif müəssisələrdə bir neçə əməkdaşın siyasi motivlərlə işdən çıxarıldığını bildirib.
Paşinyan bu məlumatların yoxlanılmasını tapşırıb və vətəndaşların işdən çıxarılmasının, onun iddiasına görə, real səbəbləri barədə açıqlamalar dərc etməyə başlayıb.
Siyasətçilər və ekspertlər Paşinyanın bu davranışını seçkilər ərəfəsində kütləvi repressiyalara hazırlıq kimi qiymətləndiriblər.
Qeyd edək ki, 2026-cı ilin payızında Ermənistanda 46 icmada yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Mərkəzi Seçki Komissiyası səsvermə üçün üç tarix müəyyənləşdirib: sentyabrın 27-si, oktyabrın 25-i və noyabrın 29-u.





