ABŞ prezidenti Donald Trampın yaxın ətrafındakı məhdud sayda şəxs üçün xüsusi dizayn edilmiş “Rolex” saatları müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, “Vanity Fair” jurnalının məlumatına görə, “Ağ Ev Rolexi” adlandırılan saatlar ABŞ prezidentinin möhürü və Ağ Evin qravürası ilə fərdiləşdirilib.
Saatlarda Trampın ABŞ-ın 45-ci və 47-ci prezidenti olmasına işarə edən rəqəmlər də yer alıb.
Saat sahibləri arasında Ağ Evin aparat rəhbəri Syuzi Uayls, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin hüquq müşaviri Uill Şarfın olduğu bildirilir. Həmçinin vitse-prezident Cey Di Vensin siyasi çevrəsindən bəzi şəxslərin və Trampın keçmiş seçki kampaniyası komandasının üzvlərinin də bu saatlara sahib olduğu qeyd edilir.
Məlumata görə, bu saatlar sahibləri tərəfindən satın alınıb və Londonda ixtisaslaşmış emalatxanada fərdiləşdirilib. Xüsusi saatların Tramp administrasiyasının yaxın çevrəsində sədaqət və birlik rəmzi, eyni zamanda status göstəricisi kimi qəbul edildiyi bildirilir.
Lakin rəsmi prezident simvollarının dəbdəbəli əşyalar üzərində fərdi şəkildə istifadəsi şəffaflıq və etika ilə bağlı suallar doğurub. Tənqidçilər bu cür simvolların istifadəsinin sərhədlərini müzakirəyə çıxarıblar.
Müəllif: Roza

