Braziliyadakı prezident seçkilərində məğlub olan senator Flavio Bolsonaro ABŞ-a gedərək siyasi mübarizəsini xaricdən davam etdirəcəyini açıqlayıb.
Milli.Az xəbər verir ki, ABŞ-ın Mayami şəhərinə gedən Bolsonaro ölkəsini tərk etməsinin qaçış olmadığını iddia edib. O, sosial şəbəkədə paylaşdığı məktubda əvvəlcə özünü "həqiqi seçilmiş prezident" adlandırsa da, sonradan paylaşımı silərək bu ifadəni "Braziliya lideri" ilə əvəzləyib.
Bolsonaro ölkədən getməsinə dəstək göstərdiklərinə görə ABŞ Prezidenti Donald Trampa və Argentina Prezidenti Xavyer Mileyə təşəkkür edib. O, ABŞ-ı "azadlıqlar diyarı" adlandıraraq Trampın söz azadlığının müdafiəçisi olduğunu bildirib.
Senator Braziliyada siyasi repressiyaların baş verdiyini iddia edərək ölkənin mövcud rəhbərliyini və məhkəmə sistemini tənqid edib. O, seçkilərin nəticələrinə də etiraz edərək səsvermə müddətinin uzadılmasının Lula da Silvanın xeyrinə təsir göstərdiyini irəli sürüb. Lakin seçkilərin nəticələri rəsmi qurumlar tərəfindən tanınıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

