Dünya şöhrətli bəzi müğənnilər karyeralarının başlanğıcında adlarını dəyişərək səhnəyə fərqli imiclə çıxıblar. Onların bir qismi prodüserlərin məsləhəti ilə, digərləri isə şəxsi seçimlərinə əsasən özlərinə yeni səhnə adı götürüblər.
Lent.az xarici mediaya istinadən məşhur ulduzların əsl adlarını təqdim edir.
Ledi Qaqa – Stefani Coann Ancelina Cermanotta
Müğənninin karyerasının əvvəlində prodüseri Stefani adının pop ulduzu üçün uyğun olmadığını düşünüb. Nəticədə sənətçi Ledi Qaqa səhnə adı ilə tanınmağa başlayıb.
Lana Del Rey – Lizzi Qrant
Müğənninin ilk albomu “Lana Del Ray” adı ilə yayımlansa da, böyük maraq doğurmayıb. Daha sonra sənətçi imicini yeniləyərək səhnə adının yazılışını dəyişib. Bu dəyişiklik onun musiqi karyerasında yeni mərhələnin başlanğıcı olub.
The Weeknd – Abel Tesfaye
Müğənni əvvəlcə “The Weekend” adından istifadə etmək istəyib. Lakin artıq bu adda musiqi qrupu olduğu üçün səhnə adından bir hərfi çıxararaq “The Weeknd” variantını seçib.
Pink – Alişa Bet Mur
Müğənninin səhnə adı prodüserlərin ideyası olmayıb. Uşaqlıq illərində yanaqlarının tez-tez çəhrayı rəng almasına görə ona “Pink” ləqəbi verilib. Sonradan sənətçi həmin ləqəbi səhnə adına çevirib.
Beləliklə, bu məşhurların seçdikləri səhnə adları zamanla onların sənətçi imicinin ayrılmaz hissəsinə çevrilib.





