Mədəniyyət · Kulis.az

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol xəbəri üçün şəkil

Kulis.az tarixçi-tədqiqatçı Elvin Şıxaliyevin "Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol" yazısını təqdim edir.

Tarixdə elə saraylar var ki, qalın divarlarla qorunur. Misir fironları, Mesopotamiya hökmdarları düşməndən qorunmaq üçün möhkəm qala divarları tikirdilər. Amma Avropanın ilk böyük sarayı tamamilə fərqli idi.

Söhbət Krit adasındakı Knos sarayından gedir. 1900-cü ildə ingilis arxeoloq Artur Evans onu tapanda şoka düşdü. 22 min kvadratmetr sahə, 1300-dən çox otaq, amma ətrafında qalın müdafiə divarı yoxdur. Bu səhv deyildi. Şüurlu seçim idi.

Dəniz dövləti - Talassokratiya

Antik yunan tarixçisi Fukidid yazırdı ki, Krit hökmdarı Minos tarixdə dənizə hakim olan ilk adam olub. Alimlər buna talassokratiya deyir - dəniz hökmranlığı.

Uzun müddət bu mif sayılırdı. Ta ki, dəlillər tapılana qədər. Qonşu Tera adasında gəmilərin şəkli çəkilmiş freskalar, Misirdə isə Kritdən gətirilmiş saxsı qablar və Minoy üslubunda divar rəsmləri tapıldı.

Məlum oldu ki, Knos üçün divar lazım deyildi. Onun divarı donanması idi. Minoy donanması ada üçün xarici müdafiə perimetri funksiyasını yerinə yetirirdi.

Kritdə həyat çox fərqli idi. Tarixçilər o dövrü belə təsəvvür edir: Səhər qadınlar əllərində gil qablarla sarayın həyətində toplaşır, günəşə dua edirdilər. Kişilər dənizə ticarət üçün çıxırdı. Onların gəmilərində silah yox, zeytun yağı, rəngli parçalar və gil lövhələr olardı. Axşam hamı sarayın mərkəzinə yığılır, öküz üzərindən tullanma oyunlarına baxırdı. Bu, güc göstərisi deyildi, bir növ ibadət idi. Evlərdə qapı yox idi, divarlar delfin və çiçək rəsmləri ilə dolu idi. Sanki müharibəni unudub, dənizlə danışmağı öyrənmiş bir xalq idi.

Bunu onların sənəti də sübut edir. Misir və Mikena rəsmlərində həmişə müharibə görürsən. Knosda isə əksinə - delfinlər, zanbaqlar, öküz üzərindən tullanıb idman edən gənclər. Yalnız tam təhlükəsizliyinə əmin olan cəmiyyət saray divarını gül şəkilləri ilə bəzəyər.

Krit vulkanla necə məhv oldu?

Bu ideal sistemin bir düşməni var idi - təbiət.

E.ə. 1600-cü ildə yaxınlıqdakı Tera vulkanı dəhşətli güclə partladı. Yaranan sunaminin və kül buludunun Minoy donanmasını və ticarət şəbəkəsinə ağır zərbə vurduğu düşünülür. Dənizə güvənən imperiya zəiflədi və tezliklə süqut etdi.

Amma yaddaş qaldı. "Kritdə qüdrətli bir dövlət var idi, vulkan partladı və batdı" əfsanəsi nəsildən-nəsilə keçdi. Platonun Atlantida haqqında dialoqları bu yaddaşın ən məşhur nümunəsidir. Bir çox alim Atlantidanın əsasında Minoy və Tera fəlakətinin dayandığını düşünür.

1926-cı ildə britaniyalı Ceyms Çörçvard eyni süjeti Sakit okeana köçürüb Mu qitəsi adlandırdı və onun bütün sivilizasiyaların beşiyi olduğunu iddia etdi.

Atatürk Mu qitəsini niyə axtarırdı?

Elmi ictimaiyyət Mu konsepsiyasını qəbul etmədi. Arxeoloq Vauçop onun mənbələrinin etimadsız olduğunu sübut etdi, geologiya isə Sakit okeanda belə bir qitənin olmadığını təsdiqlədi.

Atatürkün Mu qitəsinə marağı təsadüfi deyildi. 1930-cu illərdə Türkiyənin Meksikadakı səfiri Tahsin Mayatepək ona ingilis polkovnik Ceyms Çörçvardın kitablarını göndərir. Çörçvard iddia edirdi ki, Tibetdə tapdığı qədim lövhələrdə Mu qitəsindən bəhs olunur və bu qitənin xalqı günəşə sitayiş edirmiş.

Atatürk bu ideyadan o qədər təsirlənir ki, 1935-1937-ci illərdə Ankarada Türk Tarix Qurumunda 14 məruzə oxutdurur.

Məruzələrin mövzusu tək idi: Mu qitəsi və türklərin kökü. O, hətta Çörçvardın kitablarını türk dilinə tərcümə etdirir və özü qeydlər aparır.

Məsələ təkcə tarix marağı deyildi.

Atatürk 1935-ci ildə Meksikadakı səfiri Tahsin Mayatepəkə tapşırır ki, Maya dili ilə türkcəni tutuşdursun.

Rəvayətə görə, Mayatepək bir kənddə qoca bir mayalıdan "tepe" sözünü eşidir. Eyni bizim təpə. Tələsik Ankaraya teleqram vurur. Deyirlər, Atatürk o teleqramı uzun müddət cibində gəzdirib. Çünki o, türkün izini təkcə Orta Asiyada yox, okeanın o tayında, Mudan qaçıb gələnlərdə axtarırdı.

Yəni Mu ideyası o dövrdə sadəcə populyar əfsanə kimi deyil, türklərin ana yurdu axtarışının bir hissəsi kimi tədqiq edilmişdir.

Nəticədə Mu qitəsi elmi baxımdan təsdiqini tapmadı. Amma onun hekayəsi-dəniz imperiyası,vulkan, qəfil batma - Krit tarixinin eynisidir.

Knos sarayının divarsız memarlığı ilə başlayan dəniz hegemoniyası ideyası, minilliklər sonra Platonun Atlantidasına, Çörçvardın Musuna və hətta Ankarada Atatürkün masasına qədər gəlib çıxıb...

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑