Ağ Ev hazırkı mərhələdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin Moskva ilə Kiyev arasında sülh sazişinə nail olmaq üçün ABŞ-ın səylərinə mane ola biləcəyini hesab edir.
KONKRET.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Ağ Evin nümayəndəsi Teylor Rocers bildirib ki, sanksiyaların tətbiqi ilə bağlı müddəaların hazırkı mərhələdə qüvvəyə minməsi ABŞ-nin Rusiya və Ukrayna arasında davamlı və hərtərəfli sülh sazişinə nail olmaq istiqamətində apardığı danışıqlara əngəl törədər.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp münaqişəni başa çatdırmağa çalışır. Rusiya və İrana qarşı sanksiyaları nəzərdə tutan qanun isə sülh yolu ilə nizamlanmaya nail olmaq üçün prezidentə əlavə səlahiyyətlər verir.
Rocers qeyd edib ki, Tramp ABŞ-nin milli maraqlarına uyğun hesab etdiyi istənilən vaxt bu səlahiyyətlərdən istifadə edə bilər.
Oktyabrın 16-da Tramp Rusiya və İrana qarşı sanksiyalar haqqında qanunda nəzərdə tutulan bir sıra məhdudlaşdırıcı tədbirlərin tətbiqini dayandıran sərəncam imzalayıb. ABŞ prezidenti həmin qanunu sentyabr ayında imzalamışdı.
Sənəd Rusiyadan idxal olunan mallara 500 faizlik əlavə rüsumun tətbiqini nəzərdə tutur. Rusiya neft və qazının ən böyük beş alıcısı sırasında olan ölkələrdən gətirilən mallara, eləcə də Rusiyanın enerji sektoruna qarşı sanksiyalardan yayınmağa daha fəal kömək edən dövlətlərin məhsullarına isə 100 faizlik əlavə rüsum tətbiqi təklif olunur.
Günay Əli
KONKRET.az





