“Yuventus” Türkiyə millisinin futbolçusu Kenan Yıldızla yollarını ayırmaq məcburiyyətində qala bilər. Turin klubunun maliyyə vəziyyəti 21 yaşlı hücumçunun gələn yay transfer edilməsini gündəmə gətirib.
İdman.Biz İtaliya mediasına istinadən xəbər verir ki, “Yuventus”un transfer bazarında 70-80 milyon avro (təxminən 140-160 milyon manat) gəlir əldə etməsinə ehtiyac var. Klub bu məbləği bir neçə futbolçunu satmaqla və ya bir böyük transfer həyata keçirməklə təmin edə bilər.
“Yıldızın transferi yayda baş tuta bilər. “Yuventus” bir futbolçunu satmalı və ya transfer bazarından 70-80 milyon avro qazanmalıdır. Onlar üç-dörd oyunçunu birlikdə, yaxud bir futbolçunu sata bilərlər. Klub Kərim Alaybəqoviçi eyni mövqe üçün transfer edib. Çünki Yıldızın ayrılması ehtimalına hazırlaşırlar”, - deyə jurnalist Di Marzio bildirib.
İtaliyalı jurnalist İngiltərə klublarının türkiyəli futbolçuya marağının davam etdiyini də vurğulayıb:
“Yayda “Arsenal” və “Tottenhem” “Yuventus”dan onun qiymətini soruşmuşdular. Turin klubu transferə razılıq versəydi, onlar 100 milyon avrodan (təxminən 200 milyon manat) çox ödəməyə hazır idilər.
Əgər “Yuventus” Yıldızı satsa, onun qiyməti təxminən 150 milyon avro (300 milyon manat) olacaq. Düşünürəm ki, “Arsenal” onunla daha çox maraqlanan klublardan biridir. “Tottenhem” də maraqlıdır, amma məncə, transfer yarışında “Arsenal” öndə olacaq”.
Qeyd edək ki, Kenan Yıldızın “Yuventus”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.




