UEFA Çempionlar Liqasında noyabrın 4-də “Sabah”la qarşılaşacaq Norveçin “Vikinq” klubu qalmaqalla gündəmə gəlib. Norveç çempionatının oyununda komandanın baş məşqçisi Morten Yensen “Bude-Qlimt”in çalışdırıcısı Kyetil Knutsenlə mübahisə edib. Knutsen həmkarının başından papağını çıxararaq üzünə çəkib.
İdman.Biz Norveç mediasına istinadən xəbər verir ki, hadisə Eliteseriyanın 25-ci turunun matçında birinci hissəyə əlavə olunmuş vaxtda baş verib. Buna “Vikinq”in yarımmüdafiəçisi Kristoffer Askildsenin Yens-Petter Hauqeyə qarşı kobud oyunu səbəb olub. Knutsen qayda pozuntusuna emosional reaksiya verib və məşqçilər arasında mübahisə yaranıb. Gərginlik əlbəyaxa davaya çevrilib. Baş hakim Espen Eskas hər iki mütəxəssisə qırmızı vərəqə göstərib.
Fitdən sonra da tərəflər arasında gərginlik davam edib. Məşqçilər TV2 Sport telekanalına birgə müsahibə zamanı mübahisəni davam etdiriblər. Yensen həmkarını fiziki güc tətbiq etməkdə ittiham edərək ondan üzr istəməsini tələb edib. Knutsen hərəkətinin düzgün olmadığını etiraf etsə də, papağa təsadüfən toxunduğunu bildirib. “Vikinq”in baş məşqçisi isə özünün meydandan qovulması ilə razılaşmadığını və hakim qərarından şikayət edəcəyini deyib.
Görüş “Vikinq”in 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Beş qolun hamısı ilk hissədə vurulub. Məğlubiyyətə baxmayaraq, Stavanger təmsilçisi Norveç çempionatında liderliyini qoruyub. 25 oyundan sonra “Vikinq” və “Bude-Qlimt”in hərəsinin 59 xalı var.
Maraqlıdır ki, norveçlilərin qarşıdakı rəqibi “Sabah” da son oyununda eyni hesabla uduzub. Bakı klubu oktyabrın 30-da Misli Premyer Liqasının 10-cu turunun açılış matçında səfərdə “Turan Tovuz”a 2:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, “Vikinq”lə “Sabah” noyabrın 4-də Stavanger şəhərində Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində qarşılaşacaqlar. Üç oyundan sonra üç xal toplayan Azərbaycan klubu 36 komanda arasında 25-ci yerdədir. Bir xalı olan Norveç təmsilçisi isə 33-cü pillədə qərarlaşıb.
Beləliklə, hər iki komanda ölkə çempionatındakı məğlubiyyətdən sonra üz-üzə gələcək. Bununla yanaşı, “Vikinq”in baş məşqçisi ətrafında yaranan qalmaqal da qarşılaşma ərəfəsində diqqət mərkəzindədir.




