İdman · İdman.biz

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş xəbəri üçün şəkil

“Mançester Yunayted”in əfsanəvi kapitanı Roy Kin bu ilin yanvarında İngiltərə klubuna məşqçi kimi qayıda bilərmiş.

İdman.Biz “The Sun” nəşrinə istinadən xəbər verir ki, Ruben Amorimin istefasından sonra Ole-Qunnar Sulşer baş məşqçi təyin olunsaydı, Kin onun köməkçisi vəzifəsini tuta bilərdi.

Həmin vaxt klub rəhbərliyi Sulşer və Maykl Karriklə danışıqlar aparıb. Yekunda seçim Karrikin üzərində dayanıb. İngiltərəli mütəxəssis komandanı Premyer Liqada üçüncü yerə yüksəldərək daimi baş məşqçi vəzifəsinə təyin olunub.

Sulşerin namizədliyi qəbul edilsəydi, onun məşqçilər korpusunda Roy Kinin də yer alması mümkün idi. Beləliklə, irlandiyalı mütəxəssis 2005-ci ilin noyabrında qalmaqallı ayrılığından sonra ilk dəfə “Mançester Yunayted”ə rəsmi vəzifədə qayıda bilərdi.

Kin futbolçu kimi “Old Trafford”da 12 il keçirib. Bu müddətdə yeddi dəfə Premyer Liqanın, dörd dəfə İngiltərə Kubokunun və bir dəfə Çempionlar Liqasının qalibi olub.

Futbolçu karyerasını başa vurduqdan sonra “Sanderlend” və “İpsviç Taun” klublarını çalışdıran sabiq yarımmüdafiəçi İrlandiya millisində, “Aston Villa” və “Nottingem Forest”də köməkçi məşqçi kimi fəaliyyət göstərib.

2018-2021-ci illərdə “Mançester Yunayted”ə rəhbərlik etmiş Sulşer klubda çalışdığı dövrdə Kinlə yaxın münasibətlərini qoruyub. Bununla belə, həmin vaxt norveçli mütəxəssisin köməkçisi Mayk Felan olub.

Hazırda isə Karrikin klubdakı gələcəyi qeyri-müəyyəndir. “Mançester Yunayted” bütün turnirlərdə keçirdiyi son səkkiz qarşılaşmada qələbə qazana bilməyib və Premyer Liqanın turnir cədvəlində 16-cı pilləyə geriləyib.

Rəhbərliyin Karrikin istefasını müzakirə etdiyi bildirilsə də, mümkün əvəzedici ilə bağlı yekun qərarın olmaması onun vəzifəsində qalmasına şərait yaradıb. Baş məşqçinin şənbə günü “Çelsi” ilə səfər qarşılaşmasında da komandaya rəhbərlik edəcəyi gözlənilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑