“Qarabağ”ın U-19 komandasının baş məşqçisi Rəşad Sadiqov UEFA Gənclər Liqasında Zaqreb “Dinamo”suna 1:2 hesabı ilə uduzduqları oyunu dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının ötən illə müqayisədə daha yaxşı çıxış etdiyini bildirib:
“Rəqib yaxşı, dişli komanda idi. Zaqreb “Dinamo”su Avropanın ən yaxşı akademiyalarından biridir. Buna baxmayaraq, mənə elə gəlir ki, keçən ildən fərqli olaraq bu dəfə komandamız daha yaxşı oyun sərgilədi. Bu il bişmiş kollektiv kimi daha yaxşı futbol sərgilədik. Lakin rəqibə müəyyən boşluqlar verdik. Eləcə də hakimin bəzi qərarlarından narazı qaldıq”.
Sadiqov futbolçuların sıx oyun qrafiki və təhsillə bağlı çətinliklərlə üzləşdiklərini vurğulayıb.
“Üç gün əvvəl çempionatda əsas rəqiblərimizdən olan “Sabah”la qarşılaşmışdıq. Ona görə də eyni heyətlə qısa müddətdə ardıcıl iki çətin oyun keçirmək futbolçular üçün yorucudur. Bundan başqa, universitet məsələləri var. Bəzi futbolçular 6 saat dərsdə olub, sonra birbaşa, acqarnına məşqə gəlirlər. Yorğun olurlar, ayaqlar dolur. Bəzi futbolçular səhər oxuyur, bəziləri axşam. Eləcə də əvəzedici komanda ilə məşq edən futbolçularımız da var. Yəni vəziyyət o qədər qarışıqdır ki... Hazırda uşaqları yığıb bu cür mübarizə aparmışıqsa, bu, özü böyük nailiyyətdir. Özünüz də gördünüz ki, birinci hissədə gücümüz var idi, daha yaxşı, effektiv hücumlar edirdik, ikinci hissədə gücümüz qalmadı. Bu da dediyim kimi, bir çox amillərlə bağlıdır. Bəzilərini saydım”, - deyə baş məşqçi qol.az-a açıqlamasında bildirib.
Baş məşqçi Zaqreb “Dinamo”su ilə cavab qarşılaşmasına hazırlıq barədə də danışıb:
“Çalışacağıq ki, ikinci görüşə yaxşı hazırlaşaq. İki gün sonra çempionatda oyunumuz var. Bu görüşün təxirə salınması üçün müraciət etməyi düşünürük. Çünki çempionat matçından sonra səfərə yollanmaq futbolçular üçün çox çətin olacaq. Futbolçuların yorğunluğunu və zədə riskini də nəzərə almalıyıq. İstəyirik ki, cavab qarşılaşmasına fiziki baxımdan daha yaxşı durumda çıxaq”.




