İngiltərənin “Mançester Yunayted” futbol komandası hücumçusu Coşua Zirkzeni qış transfer pəncərəsində satmağı planlaşdırmır.
İdman.Biz “Flashscore”a istinadən xəbər verir ki, baş məşqçi Maykl Karrik 25 yaşlı futbolçuya inanır və onun mövsümün ortasında komandadan ayrılmasını istəmir.
Zirkze cari mövsümdə İngiltərə Premyer Liqasında hələ də əsas heyətdə meydana çıxmayıb. Buna baxmayaraq, niderlandlı hücumçu komandanın son üç qarşılaşmasında ehtiyat oyunçular skamyasından meydana daxil olub.
Futbolçunun komandada saxlanılması qərarına Benjamin Şeşkonun səhhətindəki problemlər də təsir göstərir. Sloveniyalı hücumçunun fiziki vəziyyəti ilə bağlı qeyri-müəyyənlik Zirkzenin daha çox oyun vaxtı qazanmasına imkan yarada bilər.
Yay transfer pəncərəsinin son günündə İngiltərənin “Everton” və İtaliyanın “Fiorentina” klubları futbolçunu heyətlərinə qatmaq imkanını araşdırıblar. Lakin “Mançester Yunayted” rəhbərliyi onun satışını məqsədəuyğun hesab etməyib.
Zirkzenin İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Bu səbəbdən rəhbərlik futbolçunun gələcəyi ilə bağlı qərar verməyə tələsmir.





