UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda bu gün keçiriləcək "Sabah" -
"Slaviya" oyunu Azərbaycan və Çexiya təmsilçilərinin avrokuboklardakı 13-cü matçı olacaq.
Sfera.az xəbər verir ki, indiyədək ölkə komandalarından "Qarabağ", "Şəmkir" və "Karvan-Yevlax" çexlərə rəqib olublar.
İlk belə qarşılaşma 1997/1998 mövsümünə təsadüf edib. "Qarabağ" UEFA Kubokunun I təsnifat mərhələsində "Yablonets"ə hər iki görüşdə uduzub - 0:3, 0:5.
Daha sonra "Sabah"ın hazırkı rəqibi "Slaviya" "Şəmkir"lə üz-üzə gəlib. Azərbaycan klubu 2000/2001 mövsümündə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin hər iki oyununda məğlub olub - 0:1,1:4.
2006-cı ildə isə "Karvan"ın yolu "Slaviya" ilə kəsişib. Yevlax təmsilçisi evdə 0:2 hesabı ilə uduzsa da, Praqada qolsuz heç-heçəyə nail olub.
10 il sonra - 2016-cı ildə "Qarabağ" Çexiyanın "Viktoriya" komandası ilə qarşılaşıb. UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə təsadüf edən matçların hər ikisi bərabərliklə bitib - 0:0, 1:1. Plzen təmsilçisi səfər qolu üstünlüyünə görə mərhələ adlayıb.
Ağdam klubu həmin mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində Çexiyanın "Slovan" kollektivi ilə münasibətlərə aydınlıq gətirib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıdakı matçda heç-heçə edib - 2:2. Səfər görüşündə meydan sahibləri üç cavabsız qolla üstün olub.
Nəhayət, 2022/2023 mövsümündə "Qarabağ" növbəti dəfə "Viktoriya" ilə üz-üzə gəlib. UEFA Çempionlar Liqasının pley-off mərhələsində çexlər sevinən tərəf olublar - 0:0, 1:2.
Beləliklə, Azərbaycan klubları Çexiya komandaları ilə 12 dəfə qarşılaşsalar da, qələbə qazana bilməyiblər.
Xatırladaq ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Slaviya" oyunu saat 20:45-də start götürəcək./Report





