ABŞ-li sərbəst güləşçi Kayl Deyk Astanada keçirilən dünya çempionatının finalında 3:2 hesabı ilə məğlub etdiyi azərbaycanlı Arseniy Djioyevin çıxışını yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına danışan 35 yaşlı idmançı Arseniy Djioyevlə qarşılaşmanın asan keçmədiyini, görüşün gərgin sonluğunun hətta məşqçilər korpusunu da həyəcanlandırdığını bildirib.
“Çox, çox güclü rəqibdir. Altı dəqiqə ərzində sona qədər mübarizə aparır. Mən yanlara hərəkət etməyə, hücum üçün əlverişli bucaqlar tapmağa çalışırdım. O, çox yaxşı rəqibdir. Qısa müddətdə qolumu tutdu və məni xalçadan kənara çıxardı. Başa düşürdüm ki, cəmi bir xal qazansam, işim çətin olacaq. Buna görə də iki xal almaq çox vacib idi”, - deyə Deyk bildirib.
Beşqat dünya çempionu görüşün Djioyev fərqi minimuma endirdiyi və həlledici hücuma cəhd etdiyi son saniyələrindən də danışıb.
“Məşqçim Kodi Sandersonun küncündə bir qədər təlaş var idi. Mən isə özümü tamamilə sakit hiss edirdim”, - deyə ABŞ-li güləşçi etiraf edib.
Deyk belə vəziyyətlərdə müdafiəsini təkmilləşdirməyə davam etdiyini də vurğulayıb. Onun sözlərinə görə, rəqibin bədəndən tutuşu əks-hücum üçün imkan yaratsa da, müəyyən risklər də daşıyır. Buna baxmayaraq, amerikalı görüşün son saniyələrində Djioyevin təzyiqinə tab gətirərək qələbə hesabını qoruyub.
Beləliklə, Deyk karyerasında beşinci dəfə dünya çempionu olub. O, ilk dəfə 86 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Qeyd edək ki, Arseniy Djioyev bu ilin fevralında Tirana şəhərində keçirilən reytinq turnirində də məşhur rəqibinə 4:1 hesabı ilə qalib gəlmişdi. Astanadakı final amerikalı güləşçi üçün bir növ revanş xarakteri daşıyıb.
Məğlubiyyətə baxmayaraq, 24 yaşlı Arseniy Djioyev dünya sərbəst güləşinin aparıcı idmançılarına doğru irəliləməkdə davam edir. O, 2024-cü ildə Avropa çempionatının bürünc, 2025-ci ildə dünya çempionatının bürünc medalını qazanıb. Bu mövsüm isə Avropa və dünya çempionatlarında gümüş medala sahib olub.
Arseniy Djioyev ardıcıl uğurları və Deyk üzərində əvvəlki qələbəsi onun 86 kq çəki dərəcəsində əsas iddialılardan birinə çevrildiyini göstərir.
Xatırladaq ki, Azərbaycan millisi Astanada keçirilən dünya çempionatını iki qızıl, iki gümüş və iki bürünc olmaqla, ümumilikdə altı medalla başa vurub.
Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar. Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb. Sərbəst güləşçilərdən Arseniy Djioyev (86 kq) gümüş, Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıblar.



