EHF Avropa Kubokunda növbəti mərhələyə inamla yüksələn Mingəçevirin “Kür” komandası sübut etdi ki, Azərbaycanda həndbol yaşayır və bütün çətinliklərə baxmayaraq, uğur qazanmaq iqtidarındadır.
İdman.Biz xəbər verir ki, komanda turnirdə mübarizəyə Kiprin APOEL klubu ilə qarşılaşmalarla başladı. Oyunları izləməyə o qədər tamaşaçı gəlmişdi ki, “Kür” Olimpiya İdman-Təhsil Mərkəzinin tribunalarında bir dənə də olsun boş yer qalmamışdı. Hətta bir çox azarkeş pilləkənlərdə əyləşməli olmuşdu.
Deməli, həndbolu populyar olmayan idman növü hesab edənlər yanılırlar. Ən azından Mingəçevirdə vəziyyət bunu götərir. Təkcə tamaşaçıların sayı deyil, onların oyuna münasibəti də belə deməyə əsas verir. Azarkeşlər sadəcə vaxt keçirmək üçün gəlməmişdilər. Onlar qarşılaşmanı diqqətlə izləyir, oyunun gedişini müzakirə edir, meydançada baş verənləri şərh edir və komandaları üçün ürəkdən həyəcan keçirirdilər.
Bəlkə də qarşılaşmaların ən təsirli anları elə başlanğıcda yaşandı. Həndbolçular meydana klubun yetirmələri olan balaca qızların müşayiəti ilə çıxdılar. Uşaqlar bu gün təkcə nəticə uğrunda deyil, həm də onların sevimli idman növündə gələcəyi olması üçün mübarizə aparan peşəkar həndbolçuların yanında addımlayırdılar. Əslində, bu gələcək nə indiki idmançılarsız, nə də onların yolunu davam etdirməyə hazırlaşan uşaqlarsız mümkün ola bilər.

Azərbaycan həndbolunda yaşanan böhran, federasiyanın maliyyələşdirməni dayandırması və ölkə çempionatının hələ ötən mövsüm yarımçıq qalması fonunda “Kür” faktiki olaraq fəaliyyətini davam etdirən yeganə komanda kimi qalıb. Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi sayəsində klub nəinki ayaqda qalmağı bacarır, həm də beynəlxalq arenada diqqətəlayiq nəticələr qazanır.
Düzdür, ilk oyun Mingəçevir təmsilçisi üçün arzulandığı qədər inamlı başlamadı. Amma bu, təəccüblü deyildi. Komandanın sonuncu oyunundan xeyli vaxt keçmişdi və bu müddətdə yoldaşlıq görüşləri keçirmək imkanı da olmamışdı. “Kür”ün baş məşqçisi Fuad Yangildin və komandanın bəzi üzvləri İdman.Biz-ə bildirdilər ki, yaranmış vəziyyət istər-istəməz hazırlıq prosesinə və həndbolçuların oyun durumuna təsir göstərib.
Buna baxmayaraq, ilk qarşılaşma 40:18 hesablı qələbə ilə yekunlaşdı. Aradakı fərq düz 22 top idi!

Azarkeşlərin sevincinin həddi-hüdudu yox idi. Final fitindən dərhal sonra “Kür”ün balaca yetirmələri sevimli həndbolçuları ilə şəkil çəkdirmək və avtoqraf almaq üçün onlara tərəf qaçdılar.
Bu uşaqlardan biri də Günay Ağazadə idi. O, hətta sevimli oyunçuları – əkiz bacılar Səkinə və Mədinə Musayevanın şəkillərindən ibarət xüsusi plakat da hazırlamışdı. Bu işdə Günaya anası Ülkər Seyidova kömək etmişdi. Ana və qızı İdman.Biz-ə oyundan böyük zövq aldıqlarını söylədilər.
Günay üçün “Kür”ün həndbolçularını yaxından izləmək xüsusilə dəyərlidir. Çünki o özü də gələcəkdə peşəkar həndbolçu olmağı arzulayır. Balaca qızın böyük planları var və ölkədə bu idman növünün gələcəyi ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, anası onun bu istəyini dəstəkləyir.
“Əlbəttə, istəyərdim ki, qızım həndbolla məşğul olmağa davam etsin. Çünki bu uşaqların da, məşqçilərin də döyüş ruhu həqiqətən yüksəkdir. Onlar məşqlərə həmişə böyük həvəslə gəlirlər”, – deyə Seyidova bildirib.
Onun sözlərinə görə, gənc idmançıların valideynləri ilə görüş keçirilib və onlara həndbolda mövcud vəziyyət izah olunub. Lakin nə valideynlər, nə də uşaqlar müsbət dəyişikliklərə ümidlərini itirirlər.
“İnanırıq ki, ölkəmizdə həndbolçular üçün yaxşı şərait yaradılacaq. Axı xaricdən oyunçular dəvət etməkdənsə, öz idmançılarımızı yetişdirmək daha məqsədəuyğundur. Həndbola dəstək göstərilsə, bu, ölkəmiz üçün çox faydalı olar və həmin uşaqların gözəl gələcəyinə yol açar. Çünki həndbolun gələcəyi məhz onlardır. Məşqçilər bu gənc idmançıların yetişməsi üçün böyük əmək sərf edir, çox çalışırlar ki, onlar gələcəkdə Azərbaycanı beynəlxalq arenada təmsil edə bilsinlər. Ümid edirik ki, ölkəmizdə həndbolun yox olmaması üçün lazımi addımlar atılacaq”, – deyə o fikirlərini yekunlaşdırıb.

Növbəti gün – yeni oyun, yeni qələbə və daha böyük emosiyalar.
APOEL-lə ikinci qarşılaşma da “Kür” Olimpiya İdman-Təhsil Mərkəzində keçirildi. Əlbəttə, Kipr təmsilçisinin işi yenə çətin idi. Yenə rəqib meydançası, yenə dolu tribunalar, yenə “Kür”ün adını ucadan səsləndirən azarkeşlər... Bir gün əvvəlki ağır məğlubiyyətdən sonra qonaqlar meydançadakı rəqiblə yanaşı, yerli azarkeşlərin güclü dəstəyinə də tab gətirməli idilər.
Tribunalarda kiprli azarkeşlər nəzərəçarpacaq dərəcədə az idi. Narıncı köynək geyinmiş cəmi bir neçə klub nümayəndəsi ön sırada əyləşmişdi, onların qarşısında isə Kipr bayrağı dalğalanırdı. Bunun əksinə olaraq, zalın qalan hissəsi “Kür”ə dəstək səsləri ilə inləyirdi.

Oyun irəlilədikcə belə təəssürat yaranırdı ki, ard-arda qollar buraxan kiprli həndbolçular getdikcə özlərinə inamlarını itirirlər. “Kür”ün üzvləri isə əksinə, daha cəsarətli oynayır, baxımlı hücumları və ahəngdar komanda oyunu ilə tamaşaçıları sevindirirdilər.
Qapıçı Anastasiya Xlebalovanın çıxışını xüsusi qeyd etmək lazımdır. Bir gün əvvəl meydançada çox vaxt keçirməyən həndbolçu ikinci görüşdə məşqçidən daha çox oynamaq imkanı aldı və bu şansdan maksimum yararlandı. Onun möhtəşəm qurtarışları dəfələrlə tribunaları ayağa qaldırdı və komandanın üstünlüyünü qorumasına kömək etdi.
Anastasiyaya “Kür”ün daha təcrübəli qapıçısı Mədinə Musayeva da dəstək olurdu. O, komanda yoldaşına məsləhətlər verir, onu ruhlandırırdı. İdmançıların bir-birinin oyununa nə qədər diqqətlə yanaşdıqları və ümumi nəticə üçün necə ürəkdən həyəcan keçirdikləri aydın görünürdü.
Məhz bu birlik və komanda ruhu iki qarşılaşmadan yadda qalan ən xoş təəssüratlardan biri oldu. Qızlar bir-birinin uğuruna sevinir, hər top uğrunda sona qədər mübarizə aparırdılar. Komandadaxili ab-hava hətta kənardan da hiss olunurdu və görünür, bu həmrəylik nəticələrə də öz müsbət təsirini göstərirdi.
Bu dəfə qələbə daha da böyük hesabla qazanıldı – 39:13. Aradakı fərq 26 top!
Beləliklə, “Kür” hər iki görüşdə qalib gələrək EHF Avropa Kubokunun növbəti mərhələsinə inamla yüksəldi. Həndbolçular bu uğuru azarkeşlərlə birlikdə əsl bayrama çevirdilər.
İdmançılar tamaşaçılara sürpriz hazırlamışdılar – qələbəni rəqslə qeyd etdilər. Ardınca isə bir-birinə sarılaraq tribunaların alqışları altında böyük bir sevinc dairəsi yaratdılar. Sanki bütün qayğılar bir müddətlik meydançadan kənarda qalmışdı. Həmin an zalda yalnız qələbə sevinci, coşqu və həndbolu ürəkdən sevən insanlar var idi.
Qarşılaşmanı tribunalardan izləyən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov da komandanı təbrik etdi. Jurnalistlərlə söhbətində nazir həndbolda yaranmış vəziyyətin diqqətdən kənarda qalmadığını və problemin həll olunacağını bildirdi.
Nazirin bu sözləri, eləcə də “Kür”ün qazandığı iki inamlı qələbə həmin həftəsonu zalda olan hər kəsə – azarkeşlərə, idmançılara və məşqçilərə ümid verdi.
Bəlkə də mübarizəni davam etdirməyin nə üçün vacib olduğunu xatırladan mənzərə məhz belə olur. Çünki hər qələbənin arxasında təkcə rəqib qapısına atılan toplar dayanmır. Burada yetirmələrinin yetişməsi üçün bütün gücünü sərf edən məşqçilər, peşəkar idmançı olmaq arzusu ilə yaşayan uşaqlar və sevimli komandalarını dəstəkləmək naminə hətta pilləkənlərdə oturmağa hazır olan azarkeşlər var.
Milli çempionat nəhayət bərpa olunanda, ölkədə həndbol oyunlarının sayı artanda bu bayram ab-havasının Mingəçevirin və Azərbaycanın digər şəhərlərinin idman həyatının adi, ayrılmaz hissəsinə çevrilmək şansı yaranacaq.
Hələlik isə “Kür” öz çıxışı ilə ən vacib həqiqəti göstərdi: Azərbaycan həndbolunun gələcəyi var və bu gələcək uğrunda mübarizə aparmağa dəyər.






