Türkiyə futbol millisinin sabiq üzvü Nihat Kahveci yığmanın yeni baş məşqçisi vəzifəsinə Fatih Tekkenin təyin olunmasını istəyir.
İdman.Biz xəbər verir ki, Vinçentso Montellanın Türkiyə millisindən ayrılmasından sonra yeni baş məşqçi axtarışları davam edir.
“Kontraspor”un efirində namizədləri dəyərləndirən Kahveci Fatih Tekkenin bu vəzifəyə uyğun olduğunu bildirib.
“Mənim şəxsi fikrimə görə, baş məşqçi Fatih Tekke olmalıdır. Niyə? Çünki heyət seçimi ilə bağlı ona sual veriləndə tanıdığım Fatih hoca bunu açıq şəkildə izah edər. Məğlubiyyət zamanı da nə etmək istədiklərini və nəyi bacarmadıqlarını söyləyərək birbaşa futboldan danışar. Bacardığı qədər ədalətli olmağa çalışar. Bundan əlavə, millinin başında yeni sima görmək istəyirəm”, - deyə Kahveci bildirib.
Keçmiş futbolçu Türkiyə millisinin baş məşqçi postuna namizəd kimi adı hallanan Arda Turan və Okan Burukla bağlı da fikirlərini bölüşüb.
“Arda Turan və Okan Buruk hazırda klublarında fəaliyyətlərini davam etdirirlər. Buna görə də onlar uyğun namizəd deyillər”, - deyə o qeyd edib.
Qeyd edək ki, Montellanın Türkiyə millisindəki fəaliyyətinin başa çatmasından sonra yığmanın yeni baş məşqçisi vəzifəsinə bir neçə mütəxəssisin adı çəkilir.





