Futbol tarixinin ən böyük əfsanələrindən biri sayılan Lionel Messi nəyə peşman olduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, o, gənc yaşlarında ingilis dilini öyrənməmək qərarından dərin təəssüf hissi keçirdiyini açıqlayıb.
Meksikanın "Miró de Atrás" podkastına müsahibə verən argentinalı ulduz keçmişdə buraxdığı bu səhvin indi də fərqində olduğunu bildirib.
Messinin diqqətçəkən samimi ifadələri:
- Boşa xərclənən zaman:
"Bir çox şeyə görə peşmanam. Ən böyük təəssüfüm uşaq ikən ingilis dilini öyrənməməyimdir. Ən azından təməl səviyyədə oxumağa zamanım var idi, amma bunu etmədim. İndi buna görə dərin peşmanlıq çəkirəm."
- Böyük şəxsiyyətlərlə görüşlərdəki narahatlıq:
"Görkəmli və möhtəşəm şəxsiyyətlərlə bir araya gəldiyim, söhbət etmək istədiyim vəziyyətlər olub, lakin dili bilmədiyim üçün özümü sanki savadsız kimi hiss etmişəm. Həmişə düşünürdüm: 'Nə qədər axmaqlıq etmişəm, vaxtımı necə boşa xərcləmişəm'."
- Gənc nəslə və övladlarına mesaj:
"Gənc olanda bunun fərqinə varmırsan. Bu gün eyni şeyi öz uşaqlarıma deyirəm: yaxşı təhsil alsınlar, oxusunlar və hazır olsunlar. Həmişə övladlarıma əllərindəki imkanlardan istifadə etməyi tapşırıram. Onların imkanları mənim uşaqlıq dövrümlə müqayisədə çox fərqlidir."





