İranlı alpinist Əli-Sina Mostəfəvi oktyabrın 14-də Kirman şəhərində edam edilib.
İdman.Biz Polşanın “SportoweFakty” nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı idmançının edamından sonra daha azı altı iranlı idmançının eyni aqibətlə üzləşə biləcəyi barədə xəbərdarlıq edilib.
Mostəfəvi apreldə saxlanılıb. İran hakimiyyəti onu yanvarda keçirilən hökumət əleyhinə etirazlarda iştirak etməkdə, martın 24-də Kirman şəhərinin Azadi meydanında mülki şəxslərə atəş açmaqda və xarici qüvvələrlə əməkdaşlıqda ittiham edib.
Ölüm hökmü İranın Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
Mostəfəvi peşəkar alpinizmlə məşğul olub, Himalay dağlarına ekspedisiyalarda iştirak edib.
“Human Rights for Sport” təşkilatının məlumatına görə, İranda daha altı idmançı edam təhlükəsi ilə üz-üzədir. Onların arasında üzgüçü Əli Pişəvərzadə, futbolçu Ehsan Hüseynpur və boksçu Məhəmməd Cavad Vəfayi Sani də var.
2026-cı ildə MMA döyüşçüsü Benyamin Nəqdi, atçılıq idmançısı Təranə Rəhimi və alpinist Məryəm Siri də ölüm cəzasına məhkum ediliblər.
“Human Rights for Sport” təşkilatının nümayəndəsi Zöhrə Abdullaxani vəziyyətin ciddi narahatlıq doğurduğunu bildirib:
“Məhkumlardan biri ilə bağlı digər təşkilatların diqqətini cəlb edərək edamın dayandırılmasına nail olduq. Lakin bu, müvəqqəti həll idi. Digərlərinin taleyi məni çox narahat edir”.
Təşkilatın iddiasına görə, yanvar etirazları zamanı 217 iranlı idmançı güllələnərək öldürülüb. Amma bu rəqəmlər digər müstəqil təşkilatlar tərəfindən təsdiqlənməyib.

