“Formula-1” üzrə dünya çempionatının Qətər və Əbu-Dabi Qran-priləri Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən təqvimdən çıxarıla bilər.
İdman.Biz “Corriere dello Sport” nəşrinə istinadən xəbər verir ki, hər iki yarış ləğv edilərsə, mövsümün final mərhələsi İtaliyanın İmola trasında keçiriləcək.
Təqvimə yenidən baxılması ehtimalı Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin oktyabrın 27-də yaydığı xəbərdarlıqla əlaqələndirilir. Nazirlik Yaxın Şərqdə münaqişənin kəskinləşməsi riskinin yüksək olduğunu bildirib.
Bununla belə, “Formula-1” rəhbərliyi yarış təqvimində dəyişiklik barədə hələlik rəsmi açıqlama verməyib. Çempionatın rəsmi saytında Qətər və Əbu-Dabi mərhələləri əvvəlcədən müəyyənləşdirilmiş tarixlərdə göstərilir.
Qətər Qran-prisinin noyabrın 29-da, Əbu-Dabi Qran-prisinin isə dekabrın 6-da keçirilməsi planlaşdırılır.




