İdman · İdman.biz

FIFA İnfantinonun 6,8 milyon manatlıq vergisini ödəyib - gizli razılaşmanın detalları

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
FIFA İnfantinonun 6,8 milyon manatlıq vergisini ödəyib - gizli razılaşmanın detalları xəbəri üçün şəkil

FIFA-nın prezidenti Canni İnfantinonun ABŞ-dakı vergi öhdəliklərini gizli razılaşma əsasında tam şəkildə qarşıladığı üzə çıxıb. Üçillik dövr üzrə bu ödənişlərin ümumi məbləği təxminən dörd milyon dollara (6,8 milyon manat) çatır.

İdman.Biz “The New York Times” nəşrinin araşdırmasına istinadən xəbər verir ki, razılaşma 2024-cü ilin mayında Banqkokda FIFA-nın kompensasiya komitəsinin iclasında təsdiqlənib. Lakin qərar təşkilatın ictimaiyyətə açıqlanan maliyyə hesabatlarında əksini tapmayıb.

İnfantinonun 2026-cı il dünya çempionatına hazırlıq məqsədilə İsveçrədən ABŞ-nin Mayami şəhərinə köçməsi onun vergi yükünü artırıb. Əvvəlcə FIFA-nın yalnız əlavə vergi xərclərini ödəməsi nəzərdə tutulsa da, sonradan prezidentin ABŞ-dakı bütün vergi öhdəliklərinin qarşılanmasına qərar verilib.

Təklif FIFA-nın idarəetmə, uyğunluq və audit üzrə rəhbəri, eyni zamanda kompensasiya komitəsinin sədri Bruno Kiomento tərəfindən irəli sürülüb. O, dünya çempionatına hazırlıq üçün ABŞ-yə köçən digər əməkdaşlara da vergi güzəştlərinin tətbiq olunduğunu əsas gətirib.

Araşdırmaya görə, İnfantinonun illik gəliri təxminən altı milyon dollar (10,2 milyon manat) təşkil edir. Bununla yanaşı, FIFA onun Mayamidəki yaşayış yerinin kirayəsinə ildə təxminən 600 min dollar (1,02 milyon manat) xərcləyir. Təşkilat prezidentini İsveçrədə də mənzillə təmin edir.

Məlumata əsasən, FIFA İnfantinonun şəxsi təhlükəsizliyi üçün Amerikanın GRIZ Global Solutions şirkətinin xidmətlərindən istifadə edib. Mühafizə xidmətlərinə yüz minlərlə dollar xərclənib. Hər bir mühafizəçinin gündəlik xidmət haqqı 1300 dollar (2210 manat) olub. Avtomobil, sürücü və digər xərclər bu məbləğə daxil edilməyib.

İnfantino dünya çempionatı zamanı həyat yoldaşının da eyni səviyyədə mühafizə olunmasını istəyib. Bu qərarın zəruriliyi FIFA daxilində suallar doğurub.

Araşdırmada Bruno Kiomentoya verilən əlavə imtiyazlardan da bəhs olunur. O, dünya çempionatında istədiyi oyunlara baxmaq və FIFA-nın xüsusi çarter reyslərindən istifadə etmək imkanı əldə edib. İnfantinonun vəkili David Zollinger və prezidentin ailə üzvləri də həmin reyslərlə səfər ediblər.

Bundan başqa, Kiomentonun illik 250 min dollarlıq (425 min manat) əməkhaqqı eyni nominal məbləğdə İsveçrə frankına dəyişdirilib. Valyuta fərqi nəticəsində onun gəliri təxminən 50 min dollar (85 min manat) artıb.

Araşdırmada FIFA-nın rəhbər şəxsləri üçün imtiyazları tənzimləyən qaydaların yumşaldıldığı, hədiyyələr, VIP dəvətlər və şəxsi təyyarələrdən istifadə ilə bağlı məhdudiyyətlərin azaldıldığı da bildirilir.

FIFA isə açıqlamasında bütün daxili prosedurlara və qüvvədə olan qanunlara əməl edildiyini bildirib:

“FIFA-nın bütün daxili qaydalarına və prosedurlarına, eləcə də tətbiq olunan qanunlara riayət olunub. Təşkilat bütün hesabatlılıq və vergi tələblərinin yerinə yetirilməsini təmin edir”.

Təşkilat razılaşmanın detalları barədə əlavə məlumat verməyib, lakin yüksək rəhbərliyə edilən ödənişlərin müstəqil auditdən keçdiyini vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑