Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusu İbrahim Talıbov (55 kq) ölkəmizə ilk qızıl medalı qazandırıb.
İdman.Biz xəbər verir ki, yarışdan dərhal sonra təəssüratlarını bölüşən çempion qələbə sevincinin sözlə ifadə olunmayacaq dərəcədə böyük olduğunu bildirib.
“Bu hissləri sözlə anlatmaq mümkün deyil, çox xoşbəxtəm. Verdiyim sözü tutdum, çox şükür ki, bayrağımızı yüksəklərə qaldıra bildim. Qələbəmdə əməyi olan hər kəsə - anama, atama və məşqçilərimə dərin minnətdarlığımı bildirirəm. Üstümdə əziyyətləri çox böyükdür. İndi isə yalnız istirahət etmək barədə düşünürəm”, - deyə İbrahim Talıbov bildirib.
Qeyd edək ki, Dakarda keçirilən Oyunlarda Azərbaycan yığması səkkiz idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Yarışlar noyabrın 13-dək davam edəcək.


