“Bavariya”nın prezidenti Herbert Hayner komandanın futbolçusu Maykl Olisenin gələcəyi və onunla müqavilənin mümkün uzadılması barədə danışıb.
İdman.Biz “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen klubunun rəhbəri futbolçunun transferində maraqlı olduğu bildirilən Madrid “Real”ına da münasibətini açıqlayıb.
“Bavariya” futbolçularını satmağa ehtiyacı olmayan klubdur. Biz qərarlarımızı güclü mövqedən çıxış edərək qəbul edirik. Maykl Olisenin bizimlə 2029-cu ilə qədər müqaviləsi var.
Ümid edirəm və istəyirəm ki, o, gələcəkdə müqaviləsini uzatsın. “Real”ın və ya başqa klubun maraq göstərməsindən asılı olmayaraq, biz öz maraqlarımızı qorumağı bacarırıq. “Bavariya” futbolçulara çox şey təklif edə bilər”, - deyə Hayner bildirib.
Qeyd edək ki, daha əvvəl Madrid “Real”ının yay transfer dövründə Olise ilə maraqlandığı, lakin “Bavariya”nın futbolçu ilə bağlı bütün təklifləri rədd etdiyi bildirilmişdi.



