İdman · İdman.biz

Balabəy Ağayev qızıl medaldan sonra sevinci bölüşdü: “Hələ də inana bilmirəm” - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Balabəy Ağayev qızıl medaldan sonra sevinci bölüşdü: “Hələ də inana bilmirəm” - FOTO xəbəri üçün şəkil

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində qazandığı qızıl medaldan sonra sevincini bölüşüb.

İdman.Biz xəbər verir ki, dünya reytinqində üçüncü pillədə qərarlaşan idmançımız qələbəsinə hələ də tam inanmadığını söyləyib.

“Bu qızıl medalı qazandığıma hələ də tam inana bilmirəm. Bunun üçün çox çalışmışdım və yaxşı nəticə əldə edə biləcəyimi hiss edirdim. Əlbəttə, müəyyən səhvlərimiz oldu. Daha da yaxşı olmaq üçün onların üzərində işləyəcəyik. Amma bu gün çox xoşbəxtəm”, - deyə Ağayev bildirib.

Beynəlxalq Cüdo Federasiyası (IJF) azərbaycanlı cüdoçunun Əbu-Dabidəki çıxışını yüksək qiymətləndirib. Federasiyanın məlumatında qeyd olunur ki, Ağayev yarışa əsas favorit kimi qatılsa da, onun yer aldığı turnir cədvəlində Olimpiya çempionu, qazaxıstanlı Yeldos Smetovun olması mübarizəni daha da çətinləşdirirdi.

Bununla belə, Ağayev bütün görüşlərdə diqqətini və soyuqqanlılığını qoruyaraq finala yüksəlib.

Həlledici qarşılaşmada onun rəqibi Tacikistan təmsilçisi Loiq Kudbudinov olub. Azərbaycanlı cüdoçu görüşün başlanmasından bir dəqiqədən bir qədər çox vaxt keçdikdən sonra seoi-otoşi fəndi ilə rəqibini ippona salaraq qızıl medala sahib çıxıb.

IJF Ağayevin turnirin ilk görüşündən etibarən əla formada olduğunu və finalda da üstünlüyünü nümayiş etdirdiyini vurğulayıb.

60 kq çəki dərəcəsində gümüş medalı Loiq Kudbudinov, bürünc medalları isə qazaxıstanlı Talqat Orınbasar və özbəkistanlı Kamoliddin Bəxtiyarov qazanıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑