“Kəpəz” futbol komandasının baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının 10-cu turunda “İmişli” üzərində qazanılan 1:0 hesablı qələbəni dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında futbolçularının göstərdiyi oyundan razı qaldığını bildirib.
“Son iki oyununda qələbə qazanan yaxşı komandaya qarşı oynayırdıq. Qarşılaşmanın çətin keçəcəyini bilirdik. Düşünürəm ki, Gəncədə “Kəpəz”ə qarşı oynamaq heç bir rəqib üçün asan deyil. Etiraf etməliyəm ki, bu qələbədə azarkeşlərimizin böyük payı var. Futbolçularımız da meydanda çox istəkli və yaxşı oyun nümayiş etdirdilər. Həm azarkeşlərimizə, həm də futbolçularıma təşəkkür edirəm.
Komandamızın oyundan-oyuna inkişaf etdiyi hiss olunur. Sevindirici məqamlardan biri artıq bir neçə oyundur qol vurmağımızdır. Bu gün isə məni xüsusilə sevindirən qol buraxmamağımız oldu. Belə davam etsək, xallarımızın sayını artıracağıq. Son iki qarşılaşmada, demək olar ki, sırf hücumçusuz oynamağımıza baxmayaraq, üç qol vurmuşuq. Bu da futbolçularımızın böyük əməyinin nəticəsidir”.
Baş məşqçi Namiq Ələsgərov və Kamunqanın ikinci hissədə meydana daxil olmasının səbəblərini də açıqlayıb:
“Hər iki futbolçu “Zirə” ilə oyundan sonra zədələnmişdi. Onları qorumağa çalışırdıq. Kamunqa zədədən yeni qayıtmışdı və bərpa prosesi davam edirdi. Onu vaxtından əvvəl meydana buraxıb yenidən zədələnməsi və uzun müddət komandadan kənarda qalması riskini gözə almaq istəmirdik. Buna görə də hər iki futbolçuya hazır olduqları qədər oyun vaxtı verdik. Namiq Ələsgərov və Kamunqa meydana daxil olduqdan sonra komandamıza əlavə güc qatdılar. Onların oyuna təsiri müsbət oldu”.
Azər Məmmədov komandanın son oyunlarda məhsuldarlığının artmasını məşqlərdə görülən işlə əlaqələndirib:
“Bütün bunlar futbolçularımızın məşqlərdə çəkdiyi əziyyətin bəhrəsidir. Biz məşqlərdə keyfiyyətə böyük üstünlük veririk və bunun üzərində çox çalışırıq. Əlbəttə, komandamız hər oyunda qol vuranda sevinirəm. Amma qol buraxmayanda daha çox sevinirəm. Futbolçularıma sərbəstlik vermişəm, onlara özlərinə inanmağı və güvənməyi aşılamışam. İstəyirəm ki, meydanda rahat oynasınlar. Düşünürəm ki, bu inam onların oyununa müsbət təsir göstərir”.
Mütəxəssis qarşılaşma zamanı emosional davranışı və sarı vərəqə almasına da münasibət bildirib:
“Düzünü desəm, belə həyəcanın sağlamlığa təsiri olduğunu düşünürəm. Sarı vərəqə aldığıma görə çox təəssüfləndim. Futbolçu olduğum vaxtlarda sarı vərəqələr alırdım, amma məşqçi kimi bu, ilk sarı vərəqəm idi. Düşünürəm ki, bundan sonra özümü bir qədər ələ almağa çalışmalıyam”.
Qeyd edək ki, Gəncədə keçirilən qarşılaşmada “Kəpəz”ə qələbə qazandıran qolu 77-ci dəqiqədə Namiq Ələsgərov vurub. Komandanı növbəti turda “Neftçi” ilə oyun gözləyir.


