“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında hakim qərarları ilə bağlı mübahisələrə münasibət bildirib. İspaniyalı mütəxəssis futbolçuların formalarının dartılması və rəqiblərin tutulması ilə bağlı çoxsaylı epizodların videoyazılarını topladığını açıqlayıb.
İdman.Biz İngiltərə mediasına istinadən xəbər verir ki, Artetadan futbolçuların formalarının dartılması və tutulması ilə bağlı son mübahisələrdən sonra hakimlərin bu cür epizodlara daha sərt yanaşıb-yanaşmayacağı soruşulub.
“Bəli, formaların dartılması və futbolçuların tutulması ilə bağlı çoxlu videolarım var. Bu mövzuda danışa biləcəyimiz böyük bir arxiv toplamışam. Hazırda konkret bir epizodu müzakirə edirik. Amma hər kəsə bütün komandaların hansı vəziyyətlərlə üzləşdiyini xatırlatmaq üçün ortaya qoya biləcəyimiz çox geniş videoarxivim var”, - deyə baş məşqçi bildirib.
Açıqlama “Arsenal”ın “Liverpul” üzərində 1:0 hesablı qələbəsindən sonra yaranan hakimlik mübahisələri fonunda səslənib. Həmin qarşılaşmada London klubunun müdafiəçisi Yurrien Timber rəqib hücumçu Aleksander İsakın formasını dartsa da, hakim penalti təyin etməyib. VAR da qərara müdaxilə etməyib.
Bu epizoddan sonra futbolçuların formalarının dartılmasına görə hakimlərin hansı hallarda cəza tətbiq etməli olduğu yenidən müzakirə mövzusuna çevrilib. Arteta isə belə halların təkcə bir komandanın oyunlarında baş vermədiyini vurğulayıb.






