“İmişli”yə qarşı hansı zonada və necə oynayacağımızı əvvəlcədən bilirdik. Rəqibin oyun üslubunu təhlil etmişdik və meydanda planlaşdırdıqlarımızı həyata keçirməyə çalışırdıq”.
Bu sözləri “Qaradağ Lökbatan” futbol komandasının baş məşqçisi Amit Quluzadə deyib.
İkinci Liqada çıxış edən komandanın çalışdırcısı Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “İmişli”yə məğlub olduqları matçla bağlı bağlı fikirlərini bölüşüb.
“Görüşün müəyyən hissələrində istədiklərimiz reallaşırdı, komanda tapşırıqları yerinə yetirirdi. Lakin futbolçularımızın fərdi səhvləri və təcrübəsizliyi sonda məğlubiyyətə gətirib çıxardı. Düşünürəm ki, bu amillər nəticəyə ciddi təsir göstərdi. Hesab 2:1 olduqdan sonra heyətimizdəki gənc futbolçuların hamısını meydana buraxdım. İstəyirdim ki, onlar da Premyer Liqa klubuna qarşı oynamaq təcrübəsi qazansınlar, bu səviyyədə rəqiblə mübarizənin necə olduğunu hiss etsinlər. Onların hər birinə imkan yaratmağa çalışdım. Ancaq təcrübə fərqi və sonradan edilən dəyişikliklər hesabın daha da böyüməsinə səbəb oldu. Mənə görə, meydanda başabaş mübarizə gedirdi. Hesabın böyük olmasına baxmayaraq, fikrimcə, matçın müəyyən hissələrində elita təmsilçisinə qarşı rəqibə layiqli müqavimət göstərə bildik. Təəssüf ki, fərdi səhvlərimiz və təcrübə çatışmazlığımız nəticəyə təsir etdi. Artıq bizim üçün kubokda mübarizə başa çatıb. İndi əsas diqqətimizi çempionata yönəldəcəyik”, - deyə o sport24.az-a açıqlamasında bildirilib.
Qeyd edək ki, “İmişli” - “Qaradağ Lökbatan” matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.


