Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə “REAL TV”nin çəkiliş qrupuna hücum olub.
İdman.Biz trend.az-a istinadla xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri, həmin məktəbin şagirdi - H.T. boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasının tədbirlərində iştirak etdiyi bildirilir.
Sözügedən insidentdən bir neçə saat sonra onun sosial şəbəkədə hadisə ilə bağlı bir paylaşıma rəy yazdığı da məlumdur.
İnsidentin görüntülərini şərh edən internet istifadəçilərinə o, “İnstagram” profilindən “Heç kim bilib-bilmədən fikir bildirməsin” - deyə qeyd yazıb.

Qeyd edək ki, 225 saylı orta məktəbdə jurnalistlərə hücum ötən gün məktəbin 7-ci sinif şagirdinin dərs zamanı pəncərədən yıxılması ilə bağlı əraziyə gələn televiziya çəkiliş qruplarının iştirakı ilə baş verib.
Məlumata görə, məktəbin həyətində jurnalistlərlə bir qrup şəxs arasında qarşıdurma yaranıb. İnsident zamanı “REAL TV”nin operatoru və stajoru döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həmçinin “Space” telekanalının əməkdaşının da döyüldüyü bildirilir.
Faktla əlaqədar polis tərəfindən saxlanılanların olduğu bildirilir, hazırda araşdırma aparılır.



