Keniyalı marafonçu, ikiqat Olimpiya çempionu Eliud Kipçoqe Avstraliyada keçirilən Melburn marafonunun qalibi olub.
İdman.Biz xəbər verir ki, 41 yaşlı atlet məsafəni 2:09:10 nəticəsi ilə qət edərək yarışın rekordunu iki saniyə yeniləyib. İkinci yeri meydan sahiblərinin təmsilçisi Tomas Do Kanto tutub, o, qalibdən 85 saniyə geri qalıb.
Bu, Kipçoqenin 2023-cü ilin sentyabrında Berlində qazandığı uğurdan sonra ilk marafon qələbəsidir. O, rəqiblərindən son on kilometrdə uzaqlaşıb. Trasın bir hissəsi “Formula-1” yarışlarının keçirildiyi “Albert Park” dairəsindən keçib, finiş isə “Melburn Kriket Qraund” stadionunda olub.
Atlet daha sürətli nəticə göstərə bilərdi, lakin stadiona daxil olanda azarkeşləri salamlamaq üçün tempini azaldıb.
“Adımı səsləndirən, dəstək verən insanları görmək məni sevindirdi”, - deyə Kipçoqe bildirib.
O, ötən il Antarktida daxil olmaqla bütün qitələrdə marafon qaçmaq istədiyini açıqlayıb. Melburn Cənubi Afrika və Braziliyadan sonra bu yolda üçüncü dayanacaq olub.
Qeyd edək ki, Kipçoqe Rio-2016 və Tokio-2020 Olimpiya Oyunlarının qızıl medalçısıdır. O, 2:01:09 nəticəsi ilə marafonda dünya rekordunun sabiq sahibidir.




