Xankəndi, 11 oktyabr,
Əslində idmanı buraxmışdım. 60 yaşımda qərar verdim ki, yenidən idmana qayıdım. Əvvəlcə yüngül gəzintilərlə, sonra qaçmağa başladım. Daha sonra marafonlarda, ardınca isə ultramarafonlarda iştirak etdim.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunda iştirak edən azərbaycanlı atlet Hüseynağa Səfərov deyib.
70 yaşlı iştirakçı bildirib ki, builki yarış zamanı keçirdiyi hisslər ötən ildən fərqlənib. Atlet qeyd edib ki, 2024-cü ildə də Xankəndi-Bakı ultramarafonunda iştirak edib və son illərdə Qarabağda baş verən dəyişiklikləri öz gözləri ilə görüb: “Çox gözəl hisslər keçirdim. Ötən il də 192 kilometr məsafəni qət edərək doğma Qarabağda finişə çatmışdıq. Çox böyük dəyişikliklər var. 2024-cü ildə Xankəndi-Bakı ultramarafonunda iştirak edəndə indiki mənzərə tamam fərqli idi. Qarabağa Ağdamın inkişafını, evləri görəndə elə bilirsən ki, başqa bir şəhərdəsən. Bunları sözlə ifadə etmək olmur”.
Atlet Qarabağın azadlığı uğrunda şəhid olanları da ehtiramla yad edib: “Allah şəhidlərimizə rəhmət eləsin. Qarabağı öz qanları bahasına azad etdilər. Qazilərimizə Allah cansağlığı versin, yaralılarımıza şəfa versin. Onlar bizim qürurumuzdur. Onlar bizi yaşatdılar, gərək biz də onları yaşadaq”.
Operator - Ceyhun Mustafayev




