Dünya · Günün Səsi

Hulusi Kılıç: Türkiyə Azərbaycanın istəmədiyi heç bir addımı atmaz

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hulusi Kılıç: Türkiyə Azərbaycanın istəmədiyi heç bir addımı atmaz xəbəri üçün şəkil

Qardaş Türkiyədən Azərbaycana qarşı dezinformasiya müharibəsi, ölkəmiz, dövlət başçımız əleyhinə əsassız iddialar davam edir. Türkiyə Prezidenti hətta hava məkanımızdan keçərkən Azərbaycan Prezidentini və xalqını Zəfər bayramı münasibətilə təbrik edərək, xoş arzularını çatdırdığı halda, Türkiyə daxilindəki Azərbaycan – Türk düşmənləri sakitləşmirlər.

Məsələ ilə bağlı narahatlığını bildirən Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında bildirilib ki, Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Qeyd edilib ki, dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiya nümunəsidir.

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Musavat.com-a geniş müsahibəsində elə növbəti dəfə “Bir millət, iki dövlət”in arasına girmək istəyənlərin ünvanına kəskin fikirlərini ifadə edib, prinsipial mövqeyini açıqlayıb, Azərbaycan vətəndaşlarını narahat edən məsələlərlə bağlı suallarımızı cavablandırıb.

– Hulusi bəy, Türkiyədən Azərbaycana qarşı əsassız ittihamlar davam edir. Sizcə, bu kampaniya niyə dayandırılmır? Artıq uzun müddət keçib və bu vəziyyətdən yalnız düşmənlər məmnun qalırlar.

– Dövlət səviyyəsində Azərbaycana qarşı yönəlmiş heç bir mənfi açıqlama yoxdur. Son zamanlara nəzər saldıqda görürük ki, bunlar, həmişə dediyimiz kimi, bizdən olmayan, bizi sevməyən, aramıza nifaq salmaq istəyən çevrələrdir. Ona görə də bunlara əhəmiyyət vermirəm, önəmli hesab etmirəm. Çünki siz bunlara önəm verib cavab verdikdə, onlar özlərini mühüm bir qüvvə hesab etməyə başlayırlar. Dolayısı ilə, dediyim kimi, “it hürər, karvan keçər”. Bunlar keçici məsələlərdir. Türkiyə tərəfindən onlarla bağlı lazımi tədbirlər görüləcək. Mən də bu tədbirlərin görüləcəyini gözləyirəm. Türk dövlətlərinin liderləri ilə bağlı bir təklifim olmuşdu. Cənab Prezident mənim də prezidentimdir, mənim liderimdir. Bu, həmişə belədir. Mən ona müraciət edərkən də “mənim Prezidentim”, “Cənab Prezidentim” deyə müraciət edirəm. Mən Azərbaycan liderinə, onun ailəsinə və elə Azərbaycanın özünə qarşı yönəlmiş hücumları pisləyirəm. Azərbaycan Prezident mənim də Prezidentimdir, Birinci vitse-prezident mənim də Birinci vitse-prezidentimdir. Mən bunu həmişə deyirəm.
Ona görə hesab edirəm ki, Türkiyə Respublikasının Prezidentinə qarşı hər hansı bir təhqir, təhdid və ya hücum xarakterli hərəkət edilərsə və ya bunun eyni şəkildə cənab Prezidentə qarşı edildiyi halda hüquqi baxımdan qiymətləndirilməsi və məsuliyyətə cəlb olunması məsələsi nəzərdən keçirilməlidir. Bunu bir düşünün. Təklif edirəm ki, bütün türk dövlətləri öz milli qanunvericiliklərinə müvafiq maddə əlavə etsinlər. Həmin maddədə qeyd olunsun ki, türk dövlətlərinin liderlərinə və onların ailə üzvlərinə qarşı ediləcək hər hansı hücum və ya təhqir cəzalandırılmalıdır. Təklifim budur. Bu məsələyə bu cür yanaşmaq lazımdır. İndi belə bir mexanizm tətbiq etmək mümkündür. Tutaq ki, cənab Prezidentə qarşı təhqiramiz hərəkət edilib. Bu zaman Türkiyədə kiminsə həmin məsələni qaldırması, məhkəməyə müraciət etməsi lazımdır. Məsələ məhkəməyə çıxarıldıqdan sonra Türkiyə Respublikası da bu prosesi izləyəcək. Dolayısı ilə, bununla bağlı qanunlar var. Heç bir ölkə öz vətəndaşını başqa bir ölkəyə təhvil verməz. Bu, hüququn ümumi prinsipidir. Amma gələcəkdə keçiriləcək Zirvə görüşündə liderlər bir qərar qəbul edə bilərlər. Belə ki, hər bir ölkə öz daxili qanunvericiliyinə müvafiq dəyişiklik edə bilərin. Türk Dövlətləri Təşkilatına üzv qardaş ölkələrin liderlərinə qarşı edilən hərəkətlər, sanki həmin ölkənin öz prezidentinə qarşı edilmiş kimi qiymətləndirilsin və müvafiq cəza tədbirləri tətbiq olunsun. Bununla bağlı qanunvericiliyə xüsusi maddə əlavə edilməsi lazımdır. Bu, çox vacib məsələdir. Buraya liderlərin ailə üzvləri də daxil edilməlidir. Bu, mənim təklifimdir. O zaman məsələyə tamamilə fərqli yanaşma ortaya qoymuş olarıq.

– Önəmli təklifdir. Ümid edirik ki, gələcəkdə nəzərə alınar. Amma bu arada, Azərbaycanın barəsində cinayət işi açdığı 7 Türkiyə vətəndaşı, o cümlədən “qara siyahı”ya saldığı 31 nəfər var…

– Bu, normaldır. Hər bir ölkə belə bir “qara siyahı” tərtib edə bilər. Azərbaycan da həmin şəxslərlə bağlı belə bir addım atıb. Türkiyə də eyni addımı ata bilər. Bu, başqa məsələdir. Əsas məsələ gələcəkdə belə halların təkrarlanmaması üçün liderlərin müvafiq qərar qəbul etməsidir. Həmin qərarda qeyd olunmalıdır ki, türk dövlətlərinin liderlərinə, dövlət və hökumət başçılarına, eləcə də onların ailə üzvlərinə qarşı edilən hücumlar və digər qanunsuz hərəkətlər öz ölkəsinin prezidentinə qarşı edilmiş kimi qiymətləndirilməli və cəzalandırılmalıdır. Bununla bağlı ayrıca bir maddə qəbul edilməlidir.

– Bəli, haqlısınız. Bəs sizcə, Türkiyə hökuməti Azərbaycanın, deyək ki, yeddi nəfərlə bağlı prokurorluq tərəfindən cinayət işi açılması, eyni zamanda Xarici İşlər Nazirliyinin 31 nəfərlə bağlı “arzuolunmaz şəxslər” siyahısı tərtib etməsi istiqamətində atdığı addımlarla bağlı tədbirləri davam etdirəcəkmi? Bir neçə nəfərlə bağlı proses başlandı, lakin sonradan dayandırıldı…

-Bu, həyata keçiriləcək. Biz bunu Azərbaycanda da dilə gətiririk. Bəli, 31 nəfər də arzuolunmaz şəxs elan edilib. 7 nəfər isə İnterpol vasitəsilə axtarışa verilib. Bu məsələdə Türkiyənin görəcəyi bir iş yoxdur. Azərbaycana deyə bilməz ki, niyə 31 nəfəri “arzuolunmaz şəxs” elan etdin? Bu, Azərbaycanın haqqı- hüququdur, Azərbaycanın daxili işlərinə müdaxilə edilə bilməz. Dolayısı ilə bunun müvafiq qaydada həyata keçirilməsi lazımdır. Normalda prosedur belə olmalıdır.

– Azərbaycanın rəsmi qərarlarının ardınca Türkiyədəki həmin şəxslərin bir neçəsi istintaqa dəvət edildi, saxlanılan da oldu, amma sonradan proses davam etmədi. Cəmiyyətdə bununla bağlı suallar var.

– Bu məsələ ilə bağlı Azərbaycanın özündən bir vəkilin, hüquqşünasın məhkəmə iddiası qaldırması lazımdır ki, prosesi başlatsın və təqib etsin. Bunu məhkəmə mübahisəsi predmetinə çevirmək lazımdır. Bu, sadəcə şəxsi düşüncəmdir. Mən peşəkar hüquqşünas deyiləm, bu məsələlərin necə həyata keçirildiyini dəqiq bilmirəm. Mən diplomatam, hüquqşünas deyiləm.

– Hulusi bəy, siz 2009-cu il böhranında da mühüm rol oynamısınız. Həmçinin bu günlərdə də yorulmadan çalışdınız. Həmişə olduğu kimi, həm Azərbaycanın, həm də Türkiyənin mühüm simalarından biri olmusunuz. Siz bu gərginliklər fonunda vəziyyəti necə qiymətləndirirsiniz? Üstəlik, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bildirdi ki, günün birində Türkiyə ilə Ermənistan arasındakı sərhədin açıldığını görə bilərik. Belə gözlənilməz bir xəbər eşidə bilərikmi?

– Xeyr, elə bir şey gözləməyin. Cənab Prezident Rəcəb Tayyib Ərdoğan Zirvədə də dedi ki, azərbaycanlı qardaşlarımızın Ermənistanla apardığı təmasları dəstəkləyir, davamlı sülhün təmin olunması üçün əlimizdən gələn töhfəni verməyə davam edəcəyik. Bu, kifayət etmirmi? Yəni qardaş ölkəyə qarşı heç bir addım atmarıq. Türkiyə Respublikası Azərbaycanla bağlı emosional qərarlar qəbul etməz. Türkiyə Azərbaycanın istəmədiyi heç bir addımı atmaz. Əlbəttə ki, atmaz.

– Ani şəhəri və Arpaçayın üzərindəki körpünün qalıqlarının bərpası istiqamətində hərəkətlilik, İrəvandan verilən mesajlar xeyli narahatlıq yaradıb.

– Bunlar normal işlərdir. Sərhəd açıldıqda turistlər gələcəklər. Türkiyə də öz ərazisində tarixi abidələrlə bağlı müvafiq işləri görməlidir. Biz illər əvvəl Vanda da bu işləri gördük. İndi bunları bərpa etmək lazımdır. Ona görə də belə məsələlərlə özünüzü yormayın. Bunlar sadəcə narahatlıq yaradan məsələlərdir.

– Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankara Zirvəsində bəyan etdi ki, Ermənistanın siyasi və hüquqi öhdəlikləri var və həmin öhdəliklərə əməl etməlidir. Bu öhdəliklərin başında sülhün əldə olunması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi dayanır. Söhbət həm Türkiyəyə, həm də Azərbaycana qarşı iddiaların yer aldığı konstitusiyadan gedir. Türkiyənin bu istiqamətdə hansısa addım atmasını, Ermənistanı konstitusiya dəyişikliyinə vadar etməsini gözləyirsinizmi?

– Bunun üçün Türkiyənin hər hansı bir addım atmasına ehtiyac yoxdur. Çünki Türkiyə onsuz da bu iddiaları ciddi qəbul etmir. Ermənistan Konstitusiyasının giriş hissəsində Azərbaycana qarşı yer alır…

– Hulusi bəy, Ermənistan Konstitusiyasının preambula (giriş) hissəsində 1990-cı il avqustun 23-də qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edilir. Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və Türkiyəyə qarşı ərazi iddiaları – məsələn, “Qərbi Ermənistan” ifadəsi – ilə bağlı müddəalar yer alır. Bu səbəbdən rəsmi Bakı həmin istinadın konstitusiyadan çıxarılmasını Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri hesab edir. Görünür, Türkiyə cəmiyyəti və ekspertləri ya bu məsələdən xəbərsizdirlər, ya da nədənsə mövzuya biganə yanaşırlar. O cümlədən İrəvana ünvanlı rəsmi tələbi eşitmirik. Niyə?

– Bu məsələdə Türkiyənin mövqeyi ilə bağlı nə deyəcəyimi bilmirəm. Bu mövzunu bizim müvafiq dövlət qurumlarımız qiymətləndirirlər. Amma bizim üçün əsas olan nədir, bunu bilmək lazımdır. Əsas məsələ Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Bu isə nədən asılıdır? Ermənistan Konstitusiyasında həmin maddənin çıxarılmasından. Dolayısı ilə Türkiyənin bu istiqamətdə hər hansı bir addım atmasına ehtiyac yoxdur. Əsas məsələ budur ki, Azərbaycan Türkiyəyə sərhədi açmır. Baxın, bunu heç nəzərə almırlar. Bir ölkə başqa bir ölkə ilə sərhədlərini 33 il bağladı. Bunun nə demək olduğunu neçə nəfər bilir? Neçə nəfər bunun fərqindədir?

– Biz bunu bilirik və qiymətləndiririk.

– Yox, heç kim bunun fərqində deyil. Heç kim bunun fərqində deyil. Bu, qardaşlıq belə bir qardaşlıqdır! Bu, son dərəcə mühüm məsələdir. Yəni Ermənistanı dəstəkləmək üçün deyil, əksinə, Azərbaycana dəstək olaraq biz Ermənistanla 33 ildir sərhədi bağlamışıq. O qədər önəmlidir ki, qardaşlıq baxımından buna xüsusi diqqət yetirməliyik.

– Sözsüz ki, diqqət edirik və qiymətləndiririk. Hətta Türkiyənin Ağrı dağına Ermənistanın iddiası bu ölkənin gerbində əksini tapması bizi narahat edir. Türkiyənin rəsmi nümayəndələri İrəvana səfər edəndə Paşinyan Ağrı dağının təsvirinin gerbdən götürülməsi göstərişini vermişdi. Belə olan təqdirdə, Ermənistanın Konstitusiyasında Türkiyəyə və Azərbaycana qarşı iddialar parallel şəkildə aradan qaldırılmalıdır, elə deyilmi?

– Biz deyirik ki, heç olmasa, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı iddialar aradan qaldırılsın. Qalan məsələlər bizim üçün o qədər də əhəmiyyətli deyil. Nə deyirik? “İt hürür, karvan keçir”. Türkiyə kimi bir dövlət olaraq bu cür məsələləri gündəmə gətirmək istəmirik. Paşinyan nə deyir? Bunu da unudursunuz. Deyir ki, mənim torpaqlarım 29 min kvadratkilometrdir, başqa iddiam yoxdur. Tarixi Ermənistan tarixdə qalıb. Bəs Osmanlı imperiyasının torpaqları ilə bağlı nəsə deyirmi? Ona görə də biz hələlik bu məsələləri qabartmırıq.

– Paşinyan deyir, amma rəsmi məsələlərə gələndə əsas sənəddə yazılanlar, konstitusiya ortada qalır.

– Türkiyə rəsmiləri buna o qədər də əhəmiyyət vermirlər. Əsas odur ki, Azərbaycanımızın istəkləri qəbul edilsin, ondan sonra qalan məsələləri həll etmək asan olacaq.

– Nikol Paşinyan sülhün 2031-ci ildə bağlanacağını demişdi, sonra isə 2027-2028-ci illərdən bəhs etdi. Xüsusilə də Türkiyə ilə Azərbaycan arasında narahatlığın olduğu bir dönəmdə Paşinyanın belə ciddi mövqe sərgiləməsi qəribə deyilmi?

– Bu barədə bir şey deyə bilmirəm. Məncə, əvvəlcə aramızdakı soyuqluğu aradan qaldıraq və birlikdə irəliləyək. Bu soyuqluq düşmənlərimizə xidmət edir. Mənim bir yazım var idi, 25 milyon insana çatdı, bunu bilirsiniz, televiziyada, sosial mediada çıxışlar etdim. “Kimə xidmət edirsiniz?”, sualının cavabı çox önəmlidir. Biz böyük bir ailəyik. Ailənin daxilindəki problemləri kənara çıxarmamalıyıq. Ona görə də bu soyuqluğun bir an əvvəl aradan qaldırılmasını çox istəyirəm. Çünki Türk Dövlətləri Təşkilatı 2009-cu ildə cənab Prezidentin təşəbbüsü ilə yaradılıb. Niyə Zirvə görüşü Naxçıvanda keçirildi, Bakıda yox? Çünki o bilir ki, Naxçıvan türk dünyasının qapısıdır. Bu, dünyaya verilən mesajdır, mesaj! Zirvə görüşünün niyə məhz Naxçıvanda keçirildiyini hər kəs bilmir. Cənab Prezident bu tədbiri Gəncədə də keçirə bilərdi, Bakıda da, Lənkəranda da. Amma o, dünyaya mesaj vermək istədi. Bu, birliyimizin mesajıdır. O, 14 fevral 2020-ci ildə andiçmə mərasimində açıq şəkildə bildirdi ki, mənim ailəm türk dünyasıdır. Bunun nə demək olduğunu bilirsinizmi? Bu, türk dünyasında bir dirçəlişdir. Digər türk dövlətlərinə verilən mesajdır. Bu, bir dirçəlişdir, özünə gəlmək çağırışıdır.(Musavat)

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑