ABŞ Prezidenti Donald Tramp Venesuelanın ölkəsinə 1 milyon barel neft hədiyyə etdiyini bildirib. Onun sözlərinə görə, nefti daşıyan tanker yaxın saatlarda Texas ştatındakı limanlardan birinə çatacaq.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığında yerləşən Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ liderindən Texasda Venesueladan təmənnasız alınan nefti daşıyan tankeri ziyarət edib-etməyəcəyi soruşulub. Tramp suala müsbət cavab verib.
“Venesuelaya nəzarəti çox uğurla həyata keçirdik. Onlar mənə hədiyyə olaraq bir milyon barel neft göndəriblər. Mən isə həmin nefti ABŞ-yə təhvil verirəm. Bir milyon barel nefti qəbul edəcəyik. Mən də onu istədiyiniz kimi istifadə etməyiniz üçün sizə verəcəyəm”, – deyə Tramp bildirib.
Prezident dünya bazarında neft qiymətlərinin yaxın vaxtlarda kəskin azalacağını da proqnozlaşdırıb.
“Neftin qiyməti çox tezliklə və çox kəskin şəkildə aşağı düşəcək”, – deyə Tramp qeyd edib.
ABŞ mediasının məlumatına görə, Tramp Venesuela neftini daşıyan tankeri Texas ştatının Port-Artur şəhərində ziyarət edəcək. Onun Korpus-Kristi və Labbok şəhərlərinə də səfərləri planlaşdırılır.
Tramp Texas səfərində ABŞ Dövlət katibi Marko Rubionun da onu müşayiət edəcəyini açıqlayıb. Qeyd olunur ki, dövlət katiblərinin seçkiqabağı tədbirlərdə iştirakı geniş yayılmış təcrübə deyil.
Xatırladaq ki, ABŞ-də noyabrın 3-də Konqresə aralıq seçkiləri keçiriləcək. Seçkilərdə Senatın üçdəbir hissəsi, Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də 36 ştat və ərazinin qubernatorları seçiləcək.
Hazırda Konqresin hər iki palatasına Trampın mənsub olduğu Respublikaçılar Partiyası nəzarət edir.
Əliyar Xəlil,






