Rusiyada gənclər arasında daha qabarıq almacıq sümükləri və kəskin üz cizgiləri əldə etmək məqsədilə “bonesmashing” adlanan təhlükəli tendensiya yayılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
İddialara görə, əsasən 15–26 yaş aralığında olan şəxslərin müraciət etdiyi bu üsul üz sümüklərinin formasını dəyişdirmək məqsədilə üzə çəkiclə zərbələr endirilməsini nəzərdə tutur.
Məlumatlarda bu təhlükəli praktika nəticəsində 100-dən çox insanın xəsarət aldığı iddia olunur. Zərərçəkənlər arasında qanaxma və hissiyyat itkisi ilə üzləşənlərin olduğu da bildirilir.
Mütəxəssislər qeyd edir ki, üz sümüklərinə zərbə vurmaq onların arzuolunan formada və təhlükəsiz şəkildə dəyişməsinə zəmanət vermir.
Əksinə, bu cür müdaxilələr sınıqlara, sinir zədələnmələrinə, yumşaq toxumaların travmasına və uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər.
Qeyd edək ki, “bonesmashing” sosial şəbəkələrdə xarici görünüşü dəyişdirməyə yönəlmiş təhlükəli internet trendlərindən biri kimi tanınır. Bununla belə, Rusiyada xəsarət alanların sayı ilə bağlı yayılan məlumatlar müstəqil mənbələrlə təsdiqlənməlidir.
Safura Bənnayeva
Globalinfo.az



