İsraildə parlament seçkiləri üzrə səsvermə yerli vaxtla saat 22:00-da, Bakı vaxtı ilə isə 00:00-da başa çatıb və seçki məntəqələri bağlanıb.
Globalinfo.az xəbər verir ki, artıq ekzit-poll nəticələri açıqlanmağa başlayıb.
KAN 11 telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən, Benyamin Netanyahunun bloku 120 yerlik Knessetdə 50, Ayzenkotun rəhbərlik etdiyi anti-Netanyahu bloku isə 53 mandat qazanıb.
Kanal 13 (Channel 13) telekanalının ekzit-poll nəticələri də eyni göstəriciləri ortaya qoyub. Kanal 12-nin (Channel 12) sorğusuna görə isə Netanyahu bloku 50, Ayzenkot bloku 52 mandat əldə edib.
Beləliklə, ilkin nəticələrə əsasən, bloklardan heç biri hökumət qurmaq üçün tələb olunan minimum 61 mandatı toplaya bilməyib. Bu mənzərə seçkiqabağı sorğularda da öz əksini tapmışdı.
Diqqət mərkəzində olan əsas məqamlardan biri isə ərəb partiyasının nəticəsidir. Ekzit-pollara görə, partiya Knessetdə 17 mandat qazanıb. Onun Ayzenkot blokunu dəstəkləyəcəyi təqdirdə, bu blokun hökumət qurmaq imkanları arta bilər. Belə bir ssenaridə Benyamin Netanyahu hakimiyyətdən kənarda qala bilər.
Qeyd edək ki, ekzit-poll nəticələri ilkin göstəricilərdir və yekun seçki nəticələrini əks etdirməyə bilər.
***00:24
İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, müxalifət partiyalarının birləşdiyi blok Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blokdan öndədir. Bununla belə, tərəflərdən heç biri parlamentdə çoxluğu təmin edə bilmir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kan-11” telekanalının açıqladığı ekzit-poll nəticələrində bildirilib.
Qeyd edək ki, bundan əvvəl Netanyahunun “Likud” Partiyasının parlamentdə 25 mandat qazanaraq liderlik etdiyi barədə məlumat yayılmışdı.
Əliyar Xəlil





