Prezident İlham Əliyevin Azərbaycan komandasını təbrik etməsi futbolçulara əlavə motivasiya verib.
Globalinfo.Az “Report”a istinadən xəbər verir ki, bu barədə U-15 dünya çempionatı və festivalındakı ilk oyunda Timor-Leste yığmasını məğlub edən Azərbaycan komandasının baş məşqçisi Famil Xəlilov jurnalistlərə açıqlamasında bildirib.
Mütəxəssis 6:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra ölkə başçısının onları təbrik etdiyini söyləyib:
“Ölkə Prezidentinin komandanı qəbul etməsi və təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək”. Xəlilov böyükhesablı qələbə qazandıqları üçün sevindiklərini deyib:
“İlk hissədə bir az çətinlik yaşadıq. Sonra toparlanaraq layiq olduğumuz qalibiyyət əldə etdik. Qarşıda daha güclü komandalarla oyunlar var”.
Xatırladaq ki, U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq. Azərbaycan komandası oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Milli komanda oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.





