Rusiya, Azərbaycan və İran arasında qaz tədarükü imkanları müzakirə olunur və bu istiqamətdə işlər davam etdirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiyanın energetika naziri Sergey Tsivilyov jurnalistlərə açıqlamasında məsələ ilə bağlı danışıqların aparıldığını bildirib.
“Hazırda bu məsələ müzakirə olunur. Biz bütün ölkələr arasında əməkdaşlığın tərəfdarıyıq. Bildiyiniz kimi, İrana gedən qaz kəməri Azərbaycandan keçir. Ölkələrimiz bir-biri ilə əlaqəlidir. Üç ölkənin energetika nazirlərinin görüşü keçirilib. Razılığa gəldik ki, bütün tərəflərin qarşılıqlı faydasını və hər bir ölkənin maraqlarını nəzərə alaraq bu məsələni birgə həll etməyə hazırıq”, – deyə Tsivilyov bildirib.
Nazir əlavə edib ki, ölkə rəhbərləri məsələnin həlli yolunun tapılması ilə bağlı müvafiq tapşırıq veriblər.
“Burada kifayət qədər mürəkkəb texniki məsələlər var. Bununla belə, biz onları həll etməyə çalışacağıq. Bu prosesdə iştirak edən şirkətlər texniki məsələlərlə peşəkar səviyyədə məşğul olurlar. Rusiya tərəfdən bu işi “Qazprom” şirkəti həyata keçirir”, – deyə nazir qeyd edib.
Daha əvvəl Rusiyanın baş nazirinin müavini Aleksandr Novak TASS-a müsahibəsində Rusiyanın Azərbaycanın daxili istehlakı üçün qaz tədarükünü artırmaq barədə razılığa gəldiyini açıqlayıb. O, gələcəkdə ölkələr arasında qazın svop tədarükü məsələsinin də müzakirə oluna biləcəyini bildirib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlıq barədə razılığa gəliblər. Müqaviləyə əsasən, yay aylarında Azərbaycandan Rusiyaya, qış aylarında isə Rusiyadan Azərbaycana eyni həcmdə qaz tədarükü nəzərdə tutulub.


