Çexiya Prezidenti Petr Pavel Mərakeşdəki istirahətini yarımçıq dayandıraraq bələdiyyə seçkilərində iştirak etmək üçün ölkəsinə qayıdıb.
Globalinfo.az xəbər verir ki, dövlət başçısı Çexiyaya gəlib, həyat yoldaşı ilə birlikdə yaşadığı Çernuşek şəhərində səs verib və elə həmin gün yenidən Şimali Afrikaya yollanıb.
Jurnalistlərə açıqlamasında Pavel seçkilər ərəfəsində tətilə getməsini yanlış qərar kimi qiymətləndirib. Bununla yanaşı, o, dövlət başçılarının da səhv edə biləcəyini vurğulayıb.
Çexiya Prezidenti seçkilərin hər zaman böyük əhəmiyyət daşıdığını qeyd edib. Onun fikrincə, ölkə lideri vətəndaşlarla eyni hüquqlara malik olsa da, davranışı ilə cəmiyyətə nümunə göstərməlidir.
“Səsvermə məntəqəsinə gedə bildiyimə və bununla da insanlara seçkilərdə iştirak etməyin vacibliyini göstərə bildiyimə görə şadam”, – deyə Pavel bildirib.
Dövlət başçısı ünvanına səsləndirilən tənqidlərə də münasibət bildirib. O, iradların bir qismini əsaslı hesab etdiyini, digərlərinin isə “bir qədər isterik” xarakter daşıdığını söyləyib.




