Misli Premyer Liqasının X turu çərçivəsində “Sumqayıt”la 1:1 hesablı heç-heçə edən “Şəfa”nın baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
– İlk növbədə qeyd edim ki, bir neçə uğursuz turdan və məğlubiyyətlərdən sonra nəhayət ilk xalımızı qazandıq. Xal qazandığımız üçün sevinirik, amma digər tərəfdən də məyusuq. Çünki “Sumqayıt”la matçda çoxlu qol epizodları yaratdıq, lakin onlardan yararlana bilmədik. Nəticədə hesabda öndə olduğumuz oyunda yenə qol buraxaraq qələbəni əldən verdik. Bütün bunlara baxmayaraq, oyundan sonra futbolçulara təşəkkür etdim. Həqiqətən də döyüşdülər, yaxşı mübarizə apardılar. Son iki turda da komandanın sərgilədiyi matçdan razıyam. Artıq komanda tələb olunan oyunu və dinamikanı göstərməyə başlayıb. Bu matçda qələbəni son anlarda əldən versək də, Sumqayıtdan 1 xalla ayrıldığımız üçün sevincliyəm.
– Mövsüm ərzində “Şəfa” bəlkə də ən yaxşı oyununu keçirdi. Komandanın artıq özünə gəldiyini demək olarmı, yoxsa bu, məhz “Sumqayıt”ın xüsusi təhlil edilməsinin nəticəsi idi?
– Qeyd edim ki, məğlub olduğumuz əvvəlki matçlarda da, “Qarabağ”, “Sabah”, “Neftçi” ilə oyunlarda rəqiblərdən çəkinmədən, açıq mübarizə aparmışdıq. Lakin son iki turda, xüsusən “Şamaxı” və “Kəpəz”lə qarşılaşmalarda komanda artıq dominant futbol nümayiş etdirməyə başladı. Oyunumuzla göstərirdik ki, tezliklə xallar qazanacağıq. “Sumqayıt” üçün xüsusi taktiki təhlil aparmamışdıq. Bütün matçlara necə hazırlaşırdıqsa, buna da eyni qaydada köklənmişdik. Bilirdik ki, “Sumqayıt” uzun müddətdir eyni heyətlə çıxış edən, güclü və son oyunlarda üstünlük göstərən kollektivdir. Bir daha deyirəm, “Şəfa” bu çempionatda öz sözünü deyəcək gücdədir və inanıram ki, qarşımıza qoyulan məqsədlərə çatacağıq.
– Oyun ərzində ehtiyat futbolçular skamyasından hakimlərin qərarlarına tez-tez etiraz edirdiniz. Xüsusilə İsa Sulimanın epizodunda ikinci sarı vərəqə və qırmızı kartın verilməməsi müzakirələrə səbəb oldu. Matçın hakimi haqqında nə deyə bilərsiniz?
– Məğlub olduğumuz heç bir matçdan sonra hakimlik haqqında danışmamışam, bu gün də buna üstünlük vermək istəmirəm. Lakin həmin epizodda İsa Suliman açıq-aşkar qapıçının əlində olan topa zərbə vurmuşdu. Hakim Nicat İsmayılov isə bildirdi ki, o, bunu qəsdən deyil, təsadüfən edib. Düşünürəm ki, orada həm sarı vərəqə, həm də penalti olmalı idi və bu qərar bəlkə də oyunun taleyini tamamilə dəyişə bilərdi. Ümumi götürəndə Musanın epizodu da var idi, rəqib oyunçu onun ayağını tapdalamışdı, lakin həmin qərar da bizə müəmmalı qaldı. Ancaq ümumilikdə matç çox gərgin keçirdi. Hakimləri də başa düşürəm, onlar da səhvlərə yol verə bilərlər. İnanmıram ki, hər hansı bir qərəz və ya qəsdən verilmiş qərar olsun.
Ayxan Zayıdzadə





