İspaniya Sequnda Liqasının 12-ci turunda keçirilən “Tenerife” - “Andorra” qarşılaşması futbolçunun ağır zədə alması səbəbindən yarımçıq dayandırılıb.
İdman.Biz “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə hesab 2:2 olarkən, ikinci hissəyə əlavə edilmiş vaxtın 7-ci dəqiqəsində baş verib.
“Andorra”nın qapıçısı Xesus Ovono cərimə meydançasını tərk edərək uzaqdan ötürülən topa müdaxilə etmək istəyərkən “Tenerife”nin hücumçusu Xesus de Migellə toqquşub. Zərbədən sonra futbolçu huşunu itirərək meydanda hərəkətsiz qalıb.
Baş hakim Ovonoya birbaşa qırmızı vərəqə göstərib. Tibbi heyət De Migelə meydanda ilkin yardım göstərdikdən sonra o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Yerli medianın məlumatına görə, futbolçunun xəstəxanaya aparıldığı zaman ürəyi dayanıb. Tibb işçilərinin müdaxiləsindən sonra onun ürək fəaliyyəti bərpa olunub.
“Tenerife” klubunun açıqlamasına əsasən, futbolçu vəziyyətinin ağırlığına baxmayaraq, xəstəxananın intensiv terapiya şöbəsində sabit vəziyyətdədir.
Hadisədən sonra hakim qarşılaşmanın davam etdirilməməsinə qərar verib. Oyun 2:2 hesabı ilə yarımçıq dayandırılıb.




