“Sabah” bu gün UEFA Çempionlar Liqasında ikinci oyununa çıxacaq. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Bakıda “Slaviya”nı qəbul edəcək. Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək matça saat 20:45-də start veriləcək.
Liqa mərhələsindəki rəqiblər arasında ən uyğunu məhz “Slaviya”dır. İlk turda İngiltərə “nəhəngi” “Mançester Yunayted”ə 4 cavabsız qolla uduzan “bayquşlar” ilk xal və ya xallarını azarkeşlərinin önündə qazanmaq arzusundadır.
Matçda anşlaq gözlənilir. Oyuna saatlar qalmasına baxmayaraq, artıq 50 mindən çox bilet satılıb. Fanatların dəstəyi “Sabah” üçün əlavə motivasiya olacaq.
Milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra ilk matçını “Neftçi”yə qarşı keçirən “futuristlər” həmin görüşdə çox da güc sərf etmədi. Ehtiyatlı oynayan “Sabah” əsas diqqətini Çempionlar Liqasına yönəltdiyini göstərdi. Mikels, Aleksey kimi start heyət üzvlərinin ehtiyatda matça başlaması da bunu təsdiqləyir.
“Slaviya” müdafiədə sərt futbola üstünlük verir. İntizamdan qopmayan çexlərin ən böyük təhlükəsi isə geridən sürətli çıxışlarıdır. Xüsusilə cinahlardan hücumlar quran Praqa təmsilçisinin vingerləri driblinq və sürətləri ilə seçilir.
Komandada diqqət çəkən digər bir məqam futbolçuların uzaq məsafədən zərbələrə üstünlük verməsidir. Çexlər I turun “Lans”la matçında da məhz belə qollar vurmaqla fərq yarada bilirdilər.
Praqa klubu mövsümə uğurlu start verib. Liqada məğlubiyyətsiz lider olan praqalılar indi Çempionlar Liqasında xal qazanmaq arzusundadır. Oyundan əvvəl “Slaviya” cəbhəsinin iddialı açıqlamaları, qələbə istəyini nümayiş etdirməsi gərgin matçın keçəcəyindən xəbər verir.
Şahin Cəfərov




