UEFA Gənclər Liqasında evdə Zaqreb “Dinamo”suna 1:2 hesabı ilə uduzan “Qarabağ”ın U-19 komandasının baş məşqçisi Rəşad Sadiqov matçdan sonra jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
– “Dinamo” həqiqətən də güclü və mübariz komandadır, Avropanın tanınmış akademiyalarından birinə sahibdirlər. Buna baxmayaraq, ötən mövsümlə müqayisədə komandamız bu il daha yaxşı təsir bağışlayır. Futbolçularımız daha təcrübəli görünür, meydanda yaxşı mübarizə aparır və qol vurmağı bacarırlar. Sadəcə, gənc komandalara xas bəzi boşluqlar verdik. Hakim qərarları ilə bağlı da müəyyən narazılığımız oldu. Bütün bunlara baxmayaraq, uşaqların göstərdiyi oyundan razı qaldım.
– Komandanız bundan əvvəl də Avropanın güclü rəqiblərinə qarşı mübarizə aparıb. Bu təcrübə növbəti oyunlar üçün əlavə motivasiya yaradırmı?
– Əlbəttə. Ötən mövsüm UEFA Gənclər Liqasında çıxış edəndə rəqiblərimizdən yaş baxımından geri qalırdıq. Onların heyətində əsasən 2006-cı və 2007-ci il təvəllüdlü futbolçular yer alırdı, biz isə 2008-ci, 2009-cu, hətta 2010-cu il təvəllüdlü oyunçulara da şans verirdik. Düşünürəm ki, həmin təcrübə futbolçularımızın inkişafına ciddi təsir göstərib. Bu gün Avropanın güclü komandalarına qarşı qorxmadan oynayır, hücumlar qurur və qol imkanları yaradırıq. Bu da uşaqların inkişaf etdiyini göstərir. Hesabdan asılı olmayaraq, komandamızın belə rəqiblərlə mübarizə aparmaq potensialı var.
– Komandanın ikinci hissədə fiziki cəhətdən zəiflədiyi hiss olunurdu. Bunun əsas səbəbi yorğunluq idi?
– Bunun bir neçə səbəbi var. İlk növbədə, fiziki durum önəmlidir. Bu matçdan cəmi üç gün əvvəl çempionat çərçivəsində əsas rəqiblərimizdən biri olan “Sabah”la qarşılaşmışdıq. Eyni heyətlə qısa müddət ərzində yenidən belə ağır oyuna çıxmaq futbolçular üçün yorucudur. Məsələn, Viktorun əvəzlənməsi də məhz bununla bağlı idi. Ayağında problem yaranmışdı. Oyunun sonlarına yaxın kapitanımızın da ayağında ağrılar hiss olunurdu. Bundan əlavə, futbolçularımızın təhsil qrafiki də olduqca sıxdır. Bəziləri dərsdən birbaşa məşqə gəlir, digərlərinin isə fərqli dərs saatları var. Bütün bu çətinliklərə baxmayaraq, uşaqlara təşəkkür edirəm. Belə şəraitdə meydana çıxıb bu cür mübarizə aparmaları böyük nailiyyətdir. İlk hissədə fiziki baxımdan daha yaxşı idik və hücumlarımız daha effektiv alınırdı, ikinci yarıda isə yorğunluq özünü büruzə verdi.
– Ölkə çempionatının tempi ilə Avropa səviyyəsindəki oyunların tempi arasında fərq nə dərəcədə böyükdür?
– Fərq kifayət qədər böyükdür. Çempionatda, demək olar ki, iki mövsümdür eyni heyətlə çıxış edirik və əksər rəqiblərə qarşı oyuna nəzarət edərək daha çox hücuma çıxırıq. Avropada isə vəziyyət tamamilə fərqlidir. Burada həm sən hücum etmək istəyirsən, həm də rəqib daim təzyiq göstərir və yüksək intensivliklə oynayır. Qarşımızda qitənin aparıcı akademiyalarının yetirmələri dayanır. “Dinamo”nun yüksək səviyyəli rəqib olduğunu nəzərə alsaq, belə matçlar futbolçularımızın inkişafı üçün əvəzolunmaz təcrübədir.
– Qapıçı Bilalın çıxışını necə qiymətləndirirsiniz? O, bəzi epizodlarda komandanı çətin vəziyyətdən xilas etdi.
– Məncə, qapıçımız yaxşı çıxış etdi. Onun 2010-cu il təvəllüdlü olduğunu unutmamalıyıq. Komandamızda 2007-ci, 2008-ci və 2009-cu il təvəllüdlü oyunçular olsa da, Bilal və digər gənclər daha yaşlı rəqiblərə qarşı mübarizə aparırlar. Həmin yaş qrupundan olan futbolçuların belə səviyyəli qarşılaşmada meydana çıxması özü də əhəmiyyətlidir. Pis oynamadılar, əksinə, yaxşı performans göstərdilər. Bilalın da oyunundan razı qaldım.
– Cavab oyunundan gözləntiləriniz nələrdir?
– Çalışacağıq ki, cavab matçına daha yaxşı hazırlaşaq. İki gün sonra çempionatda oyunumuz var və bu qarşılaşmanın təxirə salınması üçün müraciət etməyi düşünürük. Çünki daxili çempionat matçından dərhal sonra səfərə yollanmaq futbolçular üçün çox çətin olacaq. Heyətimizdə müxtəlif yaş qrupları üzrə milli komandaların üzvləri də var. Onların yorğunluğunu və zədələnmə riskini mütləq nəzərə almalıyıq. İstəyirik ki, oyunçularımız cavab qarşılaşmasına optimal fiziki durumda çıxsınlar. Ümid edirəm ki, buna nail olacağıq.
Ayxan Zayıdzadə






