İdman · Futbolpress.az

Liderin dəyişdiyi, autsayderlərin xal qazandığı TURA BAXIŞ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Liderin dəyişdiyi, autsayderlərin xal qazandığı TURA BAXIŞ xəbəri üçün şəkil

Misli Premyer Liqasında X tur başa çatıb. Liderin dəyişdiyi həftədə autsayderlər yenə qələbəyə həsrət qalıb.

Turan Tovuz – Sabah 3:2
Tura lider daxil olan “Sabah” Tovuz səfərindən xalsız ayrıldı. Bu mövsüm ilk dəfə məğlub olan “bayquşlar” oyun planında da rəqibindən geri qaldı. Hesab 1:3 olandan sonra təzyiqini artıran qonaqlar fərqi azaltmağı bacardı, lakin geridönüş alınmadı.

Sıx təqvimdə mübarizə aparan “Sabah”ın xal itkisi gözlənilən idi. Komandanın sabah Çempionlar Liqasında Norveçdə “Vikinq”lə oyunu var və “futuristlər”in indiki məqamda əsas amalı məhz güc balansını qorumaqdır.

“Turan Tovuz” isə hücum futbolu sərgiləyərək son çempionu büdrətməyi bacardı. Öyrəşilən müdafiə oyunundan imtina edən Berdıyev bu matçda taktiki dəyişikliyinin bəhrəsini gördü.

Araz-Naxçıvan – Zirə 2:2
Ev oyunlarını Şamaxıda keçirən “Araz-Naxçıvan” iddialı rəqibindən xal qoparmağı bacardı. Ümumi nəticəyə baxsaq, yazılası ilk fikir məhz budur. Lakin oyunun gedişatına diqqət etsək, naxçıvanlıların 2:0-dan sonra üstünlüyü əldə verməsi və yekundakı bir xal qazanc yox, iki xal itkisi kimi səciyyələndirilə bilər.

Yuri Maksimovun komandası son turlarda oyun baxımından artırıb. “Zirə” ilə matçda da qələbəyə yaxın olan Muxtar Respublika təmsilçisi turnir cədvəlində yaranmış mənzərənin təzyiqini ata bilmir. Bu mövsüm hələ qələbə qazana bilməyən komandanın qarşısındakı bəlkə də, əsas maneə bu psixoloji təzyiqdir.

“Zirə” isə itkilər fonunda geridönüş etməyi bacardı. “Səbail”lə 120 dəqiqəlik ağır kubok oyunundan sonra Şamaxı səfərinə yollanan “qartallar” bu bir xal da qələbəyə bərabərdir.

Qəbələ – Qarabağ 0:0

Turun yeganə qolsuz matçı Qəbələdə baş tutdu. Yeton Bekirinin rəhbərlik etdiyi yerli komanda güclü rəqibindən bir xal almağı bacardı. Bəzi məqamlarda üstün oynayan meydan sahibləri qələbə qazanmağa da yaxın idi. Lakin son zərbələrdə dəqiqlik çatmadı. Hər bir halda, bu görüşdə məğlub olmamaq “Qəbələ” üçün yaxşı nəticə hesab edilə bilər.

“Qarabağ” isə toparlana bilmir. Heyətdə ciddi dəyişikliklər edən “atlılar”da yeni oyunçular hələ sistemə uyğunlaşmayıb. Futbolçular fərdi bacarıqları hesabına nələrsə etməyə çalışır, amma hələlik, alınmır. İlk hissənin sonunda Mateus və Silvanın mübahisəsi komandadaxili problemlərin olduğunu da aşkar edir. Qurbanov gedişatı dəyişməlidir. Əks halda, “atlılar” üçün “üçlük” mübarizəsi də çətinləşəcək.

Kəpəz – İmişli 1:0
Gəncə şəhər stadionuna qayıdış “sarı-göylər”i dirçəldib. 7 matçdır, məğlub olmayan “Kəpəz” yaxşı seriya yaradıb. Azarkeşləri önündə daha güclü və motivasiyalı görünən gəncəlilər son illərin ən yaxşı mövsümünü keçirir.

“İmişli” ilə oyun bərabərsəviyyədə keçdi. Bəzi anlarda “Pələnglər”, bəzilərində isə “Kəpəz” üstünlüyə yiyələndi. Yekunda standart vəziyyətdən fərqlənən meydan sahibləri aktivinə növbəti xalları yazdırdı.

“İmişli” hələ baş məşqçi məsələsini dəqiqləşdirməyib. Posta müvəqqəti təyinat alan Ervins Perkons işinin öhdəsindən gəlir. Səfərdə də pis təsir bağışlamayan bölgə təmsilçisi rəqib oyunçunun fərdi ustalığı hesabına vurulan qolla uduzdu. Bərabərlik olsaydı belə, tərəflərdən hansısa narazı qalmayacaqdı.

 Şamaxı – Neftçi 2:3
Turun gərgin oyunu bölgədə baş tutdu. “Sabah” və “Qarabağ”ın xal itirməsindən sonra liderlik şansı olan “Neftçi” fürsəti maksimum dəyərləndirdi. Komanda “Şamaxı”nın cəhdlərinə baxmayaraq, arzuladığı üç xalı qazana bildi.

Meydan sahibləri iki dəfə geridönüş etməsinə baxmayaraq, sonda hesabı qorumaq mümkün olmadı. “Neftçi” futbolçularının ustalığının ön plana çıxdığı dəqiqələrdə vacib qol vuraraq qələbə qazandı. 21 xalla turnir cədvəlinin zirvəsinə yerləşən “ağ-qaralar”ın qış çempionluğu şansı böyükdür. Komandanın növbəti rəqibləri ikinci “altılıq” kollektivləridir və bu anlarda xal itkisi yolverilməz olacaq.

“Şamaxı” isə əzmkar oyununa görə azarkeşlərinin rəğbətini bir daha qazandı. Güclü rəqibi ilə başa-baş mübarizə aparan meydan sahibləri xal qazanmağa layiq idi.

Sumqayıt – Şəfa 1:1

Qonaqların yaxşı oynadığı, amma xalların bölündüyü matç oldu. 7 oyunluq məğlubiyyət seriyasına son qoyan “Şəfa” növbəti görüşlər üçün də pozitiv siqnallar verdi.

“Sumqayıt” isə ikinci hissədə rəqibindən üstün futbol oynadı. Epizodlar yaradan “Kimyaçılar” son zərbələrdə uğurlu ola bilmədi. Oyunun gedişatına baxsaq, nəticə meydan sahibləri üçün yaxşıdır. Lakin “Şəfa” sərgilədiyi oyunla qələbəyə layiq tərəf idi.

Şahin Cəfərov

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑