Misli Premyer Liqasında 9 tur geridə qalıb.
Futbolpress.az xəbər verir ki, “Araz-Naxçıvan”ın qələbəsizlik seriyası artmaqdadır. Baş məşqçi postuna Yuri Maksimovu gətirən naxçıvanlılar üç xala həsrətdir. Komanda bu mövsüm 2 heç-heçə edib, 7 dəfə uduzub. Ukraynalı mütəxəssisin başçılığı altındakı üç oyunda da məğlubiyyət yaşanıb.
Gedişat nə “Araz-Naxçıvan”, nə də Maksimov üçün yaxşı görünür. Uğursuz seriyaya son qoyulmazsa, mütəxəssis Azərbaycanda qışı görməyəcək.
Aktivində 2 xalı olan “Araz-Naxçıvan” 11-ci pillədəki “Şəfa”dan 1, 10-cu “Qəbələ”dən isə 5 xal geridədir.
Uğursuz günlər keçirən digər komanda isə “Şəfa”dır. Debütant 7 oyundur, qələbə qazana bilmir. Bu mövsüm 1 qalibiyyət əldə edən və 8 matçda uduzan bakılılar son görüşlərdə hesabı açan tərəf olsa da, yekunda xalsız qalır. Əvvəlcə “Şamaxı”, bu turda isə “Kəpəz”lə oyunda ikinci hissədə buraxılan qollarla uduzan “Şəfa”da baş məşqçi Zaur Həşimovun klubdakı gələcəyi də sual altındadır. Növbəti turda “Sumqayıt”la qarşılaşmada komanda xal qazana bilməzsə, mütəxəssislə yollar ayrıla bilər.
“Kəpəz” isə hazırda çempionatın ən yaxşı formada olan komandalarından biridir. Ardıcıl beş oyundur ki, məğlub olmayan gəncəlilər 14 xalla turnir cədvəlində 6-cı sıradadır. “Sarı-göylər” lider “Sabah”dan 7 xal geri qalır.
Azər Məmmədovun yetirmələri sonuncu dəfə sentyabrın 5-də “Şamaxı”ya məğlub olub. Növbəti 5 görüşdə 3 qələbə qazanıb, 2 heç-heçə edən “Kəpəz” son beş ilin ən yaxşı startını edib. Gəncəlilər növbəti turda “İmişli”ni qəbul edəcək və məğlubiyyətsizlik seriyasını davam etdirmək ehtimalları yüksəkdir.
Şahin Cəfərov




