İdman · İdman.biz

Avropa üçüncüsü olan veteran cüdoçu: “Azərbaycan bayrağını ucaltmaq insana qürur verir”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa üçüncüsü olan veteran cüdoçu: “Azərbaycan bayrağını ucaltmaq insana qürur verir” xəbəri üçün şəkil

“Yarış çox gözəl keçdi, eyni zamanda da bir qədər çətin alındı. Çünki bu dəfə güclü idmançılar qatılmışdı. Maraqlı oldu, ona görə ki, turnir yaxşı təşkil olunmuşdu. Bu, mənim Avropa çempionatlarında əldə etdiyim ikinci bürünc medaldır”.

Bu sözləri Portuqaliyanın Portiman şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın veteran cüdoçusu Elçin Məmmədov (100 kiloqram) deyib.

M2 kateqoriyasında çıxış edən idmançının sözlərinə görə, onun üçün hər bir turnirdə əsas məqsəd qızıl medal qazanmaqdır.

“Düzdür, bu, hər bir idmançının məqsədidir. Biz də bu hədəfə doğru hazırlaşmışdıq. Amma qismət belə oldu. Buna da şükürlər olsun. Ən azından əliboş qayıtmırıq. Azərbaycanımızın bayrağını qaldırmışıq. İdmançı üçün ən əsası, ölkəsinin bayrağını yüksəltməkdir. Bu, insana qürur verən hissdir”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Görüşlərin gərgin keçdiyini deyən veteran cüdoçu gürcüstanlı idmançıların gücünü xüsusi vurğulayıb:

“Bu dəfə ən güclü rəqiblərdən biri, deyərdim ki, gürcü idmançılar idi. Onlardan birinə qalib gəldim, finala çıxmaq uğrunda görüşdə isə yenə gürcü idmançısına məğlub oldum. Amma ruhdan düşmədim. Bürünc medal uğrunda görüşdə bütün gücümü ortaya qoyub güləşdim. Şükürlər olsun ki, mükafat qazana bildim”.

E.Məmmədov 12-ci dəfə Avropa çempionu olan digər veteran cüdoçu Fərhad Məmmədovun nailiyyətlərini yüksək qiymətləndirib:

“O, bu rekordu niderlandlı idmançı ilə bölüşür. Fərhad müəllimin nəticəsinə çatmaq bir az çətin olar. Fikrimcə, onun kimi bir insanın Azərbaycanda belə bir nailiyyət əldə etməsi nadir hadisədir. Amma gələcəyi bilmək olmaz. Hər şey ola bilər”.

Komandanın ümumi çıxışını da dəyərləndirən idmançı medal qazanmaq üçün məqsədyönlü hazırlaşmağın vacib olduğunu bildirib:

“Medal qazanmaq üçün yaxşı hazırlaşmaq, yarışa məqsədli şəkildə gəlib mübarizə aparmaq lazımdır. İdmançılarımız arasında elələri var ki, əvvəllər yaxşı nəticələr əldə ediblər, amma bu dəfə alınmadı. Belə hallar olur. Ümidvaram ki, onlar da gələcəkdə bu yarışı bir sınaq və özləri üçün yaxşı dərs kimi qiymətləndirib, çatışmazlıqlarını aradan qaldırarlar”.

Qeyd edək ki, Azərbaycan millisi turniri 4 medalla başa vurub. Elçin Məmmədovla yanaşı, Fərhad Rəcəbli (M8, 90 kiloqram) qızıl, Elşən Kərimov (M4, 60 kiloqram) və Babək Hacıyev (M5, 60 kiloqram) isə gümüş medal qazanıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑