16 yaşadək voleybolçu oğlan və qızlardan ibarət Azərbaycan milli komandaları Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edəcəklər. Yarışlar 19-22 noyabr tarixlərində keçiriləcək.
Futbolpress.az xəbər verir ki, oğlanlardan ibarət U-16 millimiz Latviyanın Riqa şəhərində mübarizə aparacaq. B qrupunda yer alan komandamız Latviya və Finlandiya yığmaları ilə qarşılaşacaq. A qrupunda isə Polşa, Estoniya və Ukrayna komandaları çıxış edəcəklər.
Qızlarımız isə Estoniyanın Kaariku şəhərində mübarizə aparacaqlar. B qrupunda yer alan millimizin rəqibləri Estoniya, Litva və Ukrayna kollektivləri olacaq. A qrupunda isə Polşa, Gürcüstan və Finlandiya komandaları çıxış edəcəklər.
Reqlamentə əsasən, qruplarda ilk üç yeri tutan komandalar yekun sıralama uğrunda mübarizə aparacaqlar. Qrup qalibləri (A1-B1) finalda turnirin çempionunu müəyyənləşdirəcəklər. İkinci və üçüncü yerləri tutan komandalar isə müvafiq olaraq A2-B2 və A3-B3 qarşılaşmalarında üz-üzə gələcəklər. A1-B1 görüşünün qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
Oğlanlardan ibarət U-16 millimizin oyunları:
19 noyabr
18:00. Latviya – Azərbaycan
20 noyabr
18:00. Azərbaycan – Finlandiya
Qızlardan ibarət U-16 millimizin oyunları:
19 noyabr
19:00. Estoniya – Azərbaycan
20 noyabr
16:00. Azərbaycan – Ukrayna
21 noyabr
19:00. Litva – Azərbaycan
Qeyd edək ki, oyunların başlama saatları yerli vaxtla göstərilib.


