“Şamaxı” Misli Premyer Liqasının X turunda “Neftçi”yə uduzdu – 2:3.
Matçdan sonra bölgə təmsilçisinin futbolçusu Ayman Bouali “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Məğlubiyyəti necə şərh edərdiniz?
– Çətin oyun idi. Çalışdıq ki, xal və xallar qazanaq. Təəssüf ki, yekunda məğlub olduq. Artıq növbəti matçları düşünməliyik.
– İki dəfə hesabı bərabərləşdirdiniz. Hesabda önə keçmək, qələbə qolunu vurmaq üçün nə çatışmadı?
– Bəzi səhvlərimiz oldu. Kollektiv olaraq məşqlərdə bütün çatışmazlıqlar üzərində işləyəcəyik. İnanıram ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik.
– Cərimə zərbəsindən baxımlı qola imza atdınız. Məşqlərdə bu cür zərbələrin üzərində xüsusi çalışırsınız?
– Bəli, məşqlərdən sonra əlavə olaraq cərimə zərbələrinin üzərində çalışıram. Çox şadam ki, bu dəfə zərbəm dəqiq alındı. Ümid edirəm ki, növbəti matçlarda yenə də cərimə zərbəsindən fərqlənə biləcəyəm.
– “Neftçi” ilə oyundan əvvəl rəqib futbolçu Qustavo Klismana ayın ən yaxşı qolunun müəllifi kimi mükafat təqdim olundu. Necə düşünürsünüz, bu stadionda növbəti dəfə belə bir mükafat “Neftçi”yə vurduğunuz qola görə sizə təqdim oluna bilər?
– Təbii ki, hər şey jurnalistlərdən, sosial mediadan asılıdır (gülür). Əgər bu qolla bağlı təzyiq olsa, qalib ola bilərəm.
– Daha əvvəl Azərbaycanda “Səbail”də forma geymişdiniz. Demək olar ki, “Şamaxı”dakı çıxışınız daha uğurlu alınır?
– Siz necə düşünürsünüz?
– Məncə, indi daha inamlı görünürsünüz.
– Əslində “Səbail”də də pis çıxış etmirdim. Ümumiyyətlə, Azərbaycanda oynamaq mənə xoşdur. Çempionat çox maraqlı keçir, yüksək səviyyəli futbolçular var. Bir sözlə, burada olmaqdan məmnunam.
– Məncə, “Səbail”dəki karyeranızın parlaq alınmamasına səbəb bir tərəfdən zədələr oldu, digər tərəfdən isə oynadığınız mövqe…
– Bəli, orada olarkən ciddi zədə aldım. Bərpa prosesim xeyli vaxt apardı. O ki qaldı mövqeyə, yəqin ki, vinger kimi yox, mərkəz hücumçusu mövqeyində oynamağımı nəzərdə tutursunuz.
– Elədir.
– Bunun da tarixçəsi var (gülür). Mən “Səbail”ə gəlməmişdən əvvəl “Ümraniyespor”da da bəzən mərkəz hücumçusu kimi çıxış etmişəm. “Qalatasaray”la kubok oyunumuz var idi. Həmin matçdan əvvəl mərkəz hücumçumuz zədələndi. Baş məşqçimiz də həmin mövqedə məni sınadı. “Qalatasaray”la görüşdə qol vurdum. “Səbail”in baş məşqçisi Şahin Diniyev məni məhz həmin matçda bəyənmişdi. Ona görə də hücumun mərkəzində qərarlaşmağımı istəyirdi.
Şahin Cəfərov



